Bakı. Trend:
2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 207 milyon barel (27 milyon ton) neft ixarc olunub.
Trend bp-yə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki 223 milyon barellə müqyisədə illik ifadədə 7,2 faiz azdır.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasil olunan nefti və “Şahdəniz” yatağından kondensatı ixrac edir. Bundan əlavə, BTC vasitəsilə Xəzər regionuna məxsus digər həcmdə neft və kondensatın (Qazaxıstan, Türkmənistan, eləcə də SOCAR tərəfindən Azərbaycanda hasil olunan digər həcmlər) nəqli davam etdirilir.
“BTC Ko”nun səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
