Bakı. Trend:
Pakistan Azərbaycanı COP29-a sədrliyi müddətində tam dəstəkləyəcək.
Trend xəbər verir ki, bu barədə Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.
"Qardaş ölkə Azərbaycanı COP29 konfransına ev sahibliyi üzrə müsabiqədə qalib gəlməsi münasibətilə təbrik edirik. Bugünkü görüşümüzdə Pakistan Azərbaycanı COP29-da sədrliyində tam dəstəklədiyini bildirdi", - o deyib.
Nazir, həmçinin, iki ölkənin iqlim dəyişmələri ilə mübarizəni və bərpa olunan enerji sektoru üzrə əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
Onun sözlərinə görə, Bakı və İslamabad xüsusən enerji sektorunda ikitərəfli investisiyaların artırılması üzərində birgə çalışır.
"Bu gün baş tutan ətraflı danışıqlar zamanı ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə etdik. Biz çoxtərəfli əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Pakistan və Azərbaycan çoxtərəfli forumlarda bir-birini dəstəkləməyə davam edəcək" - Pakistanın XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)