Bakı. Trend:
Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır.
Trend-in məlumatına görə, bunu bu gün Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov Milli Məclisdə keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, danışıqların nəricələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfərə gəlib.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.