Bakı. Trend:
"Yaşıl" keçid bu gün iqtisadiyyatdan daha çox ideoloji və siyasi məqsədlərlə irəliləyir.
Trend xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun prezidenti Aleksandr Dınkin Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XXI illik iclasının10-cu sessiyası çərçivəsində "Yaşayış mühiti: hər kəsin özünün, hamının ortaq" mövzusunda panel müzakirələr zamanı bildirib.
"Bu gün karbon dioksid tullantılarından, yəni qalıq yanacaq mənbələrindən imtina etməkdən bəhs olunur. Mənim fikrimcə, bu, dayanıqlı inkişaf məqsədinin həyata keçirilməsi sahəsində artıma səbəb olur, çünki təbiətə diqqətli yanaşma getdikcə daha çox optimist və məntiqli bir həyəcan vəziyyətinə çevrilir.
Bu, yenilənəbilən enerji mənbələrinə sürətli keçid üçün qeyri-real planlar və yüksək investisiyalarla, eləcə də, ESG şirkətlərinin əsassız kapitalizasiyası ilə özünü göstərir", - o qeyd edib.
A.Dınkin bildirilib ki, Almaniya avtomobil sənayesindəki mövcud problemlər çox tələsik hərəkət etməmək lazım olduğunu göstərir.
"Bu baxımdan, bir fərziyyə irəli sürmək istərdim ki, "yaşıl keçid" hazırda iqtisadiyyatdan çox, ideoloji və siyasi məqsədlərlə irəliləyir. Mənə elə gəlir ki, Qərbdə müəyyən ümidlər var ki, "yaşıl keçid" yeni ictimai, sosial müqavilələrin əsası olacaq.
İnkişaf etməkdə olan ölkələrə gəldikdə isə, mənim fikrimcə, vəziyyət daha da qəbuledilməzdir, çünki "yaşıl keçid" adı altında praktikada "yaşıl neokolonializm" yanaşması həyata keçirilir", - o əlavə edib.
Qeyd edək ki, 4 noyabrda Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XXI illik iclası işə başlayıb. 2024-cü ilin görüş mövzusu “Dayanıqlı sülh – hansı əsasda? XXI əsrdə ümumi təhlükəsizlik və bərabər inkişaf imkanları”dır.