Bakı. Trend:
COP29 iqlim dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi üçün uyğun bir məkandır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, COP29 konfransının ilk günü uğurla başa çatdı.
“COP29-da yüksək səviyyəli maraq və qətiyyətllik görürük. Qlobal liderlərin öz fikirlərini söyləmək üçün bura uyğun məkandır. Biz, eyni zamanda, itki və zərər üzrə maliyyələrin ortaya qoyulması üzrə ciddi addımlar atacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.