Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir H.Vəliyev /
Azərbaycanda internetə çıxış xidmətləri bazarı həm yeni xidmətlərin tətbiqi və mövcud olanların təkmilləşdirilməsi, həm də istifadəçilərin sayı üzrə əsaslı artım potensialına malikdir.
Son illər ərzində istifadəçilərin internetə çıxışında daimi artım müşahidə olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin son məlumatlarına əsasən, 2009-cu ilin birinci yarısına olan duruma görə, internetə daxilolma səviyyəsi 37 faizə çatıb. Regionlar hələ də paytaxt bazarından geri qalır.
Bu gün Azərbaycanda 30 internet-provayder (ISP) fəaliyyət göstərir. Bir çox provayderlər Bakı şəhərindən kənara yalnız telekommunikasiyanın inkişaf etməməsi üzündən deyil, həm də hələki regionlarda mütəmadi internet istifadəçiləri bazarının böyük olmaması səbəbindən çıxmırlar.
Bakıda internet xidməti bazarında heç bir inhisar yoxdur. Heç bir provayder üstün mövqe tuta bilməyib. Ancaq bu onunla izah olunur ki, internet yalnız paytaxtda ən çox inkişaf səviyyəsi qazanıb.
Azərbaycan internetinin əsas payı ilkin Delta Telecom və Aztelecom provayderlərinin üzərinə düşür. Digər paylar isə təkrar, əsasən də ilkin Delta Telecom provayderindən kanalı icarəyə götürən provayderlərdədir. İlkin provayder roluna yaxınlarda yaradılmış Azertelecom İB də iddialı omağa başlayıb. Bu birlik Rusiyanın "Sinterra" telekommunikasiya şirkəti ilə birlikdə Azərbaycan və Rusiya arasında optik-lifli transsərhəd keçidinin layihələndirilməsinə başlayıb.
Nəzəri cəhətdən bir neçə cür provayder mövcuddur. Bəziləri internetə çıxış üzrə ixtisaslaşır, digərləri səmərəli onlayn-xidmətlər təklif edir, üçüncüləri - kontent provayderlər - mövcud portalların tam gücü ilə işləməsinin təminatı, yaxud dəstəklənməsi, yeni veb-saytların dizayn və doldurulması ilə məşğul olur. Sonunculardan Azərbaycanda yoxdur. Demək olar ki, bütün provayderlər özlərini bazarda daha yaxşı hiss etmək üçün yuxarıda adları çəkilən xidmətlərin istənilən kompleksinin təqdim edilməsi üzrə ixtisaslaşmış qrup yaradıb.
Bu gün bir çox provayderlər təklif etdikləri xidmətlərə inteqrasiya xidmətlərini də əlavə edib. Onlar internetə çıxışın ayrılmış qoşulma metodlarını fəal şəkildə mənimsəməyə başlayıblar. Bunların içərisində ən geniş yayılanları ADSL və Wi-Fi texnologiyalarıdır. WiMAX texnologiyası populyarlıq qazanır. Bu gün internet-provayderlərin abunəçi bazası orta hesabla dörd-yeddi min istifadəçi təşkil edir.
İnternetə qoşulma yolları bugünkü müxtəlifliyi ilə seçilir, provayderlər arasında rəqabət isə internet xidmətlərinin keyfiyyətinin təkmilləşməsinə kömək edir.
Ev internet istifadəçilərinin əsas hissəsi hələ də telefon xətləri (Dial up) vasitəsilə şəbəkəyə qoşulur. Bu çıxış növü ən sadə və qənaətcildir. Onun əsas üstünlüyü ucuzluğudur - bir modem (qiyməti təxminən $10), giriş kartı və telefon xəttinin olması kifayətdir.
ISP şirkətlərinin tarif planlarını öyrənəndən sonra belə qənaətə gəlmək olar ki, bir çox provayderlərin xidmət tarifləri təxminən eynidir. Onların qiymətləri demək olar ki, fərqlənmir: 10 saat - 1 manat, 25 saat - 2 manat, 50 saat - 5 manat və s. Ay ərzində məhdudiyyətsiz internetin qiyməti 20 manatdır.
Bir çox provayderlər üçün müştəri bazasının 60-70 faizini Dial up istifadəçiləri tutur. Satış həcmlərinə gəlincə, bu provayderlərin gəlir hissəsində belə istifadəçilərin payı 35-40 faizdir.
Ancaq hər halda Dial up-ın perspektivləri məhduddur, bu texnologiya bazarda cəmi dörd-beş il üstünlük təşkil edəcək. Bundan sonra onları mobil və ayrılmış qoşulmalar əvəzləyəcək. Bu proses artıq başlayıb. Söhbət qiymət səviyyəsinin tədricən Dial up-a yaxınlaşan ADSL xidmətindən gedir.
ADSL texnologiyası ilə internetə çıxış bu gün bazarda mövcud olanlar içərisində ikinci yeri tutur. Rabitə operatorları tərəfindən NGN texnologiyasının tətbiqi də bu növ xidmətlərin inkişafında vacib rol oynamağa kömək edəcək. Seçilən tarif planından asılı olaraq, abunəçilərin internetə yüksək sürətli ADSL çıxışı 256/256 Kbit/s üçün 30 manat, 3072/1024 Kbit/s üçün 360 manat başa gəlir.
Son iki il ərzində internet tarifləri orta hesabla dörd dəfə azalıb, sentyabrda isə növbəti azalma gözlənilir. Qiymətlərin belə azalması xarici kanallara (həm peyk, həm də yerüstü) olan qiymətlərin azalması, avadanlığın ucuzlaşması və provayderlər arasında rəqabətin artımı ilə izah olunur.
Abunə haqqı və avadanlıqların (ADSL modem) qiymətinin azalması vəziyyəti köklü şəkildə dəyişə və Dial up-ı bazardan nəzərəçarpacaq səviyyədə sıxışdıra bilər ki, bu da öz növbəsində ev şəbəkələri bazarının inkişafına təsir göstərə bilər.
Çoxzolaqlı çıxış bazarının böyük artımı yeni oyunçuları cəlb etməyə bilməz. Onların öz şəbəkələrini yaratması hesabına qiymətlərin azalmasına yardımçı olması və bunun nəticəsində istifadəçilər üçün qiymətlərin azalmasına gətirib çıxara bilər.
Bu gün həm də simsiz çıxış xidmətləri populyarlıq qazanmaqda davam edir. Artıq Bakıda Wi-Fi, WiMAX və iBurst standartları üzrə simsiz internet xidmətləri fəaliyyət göstərir.
Yaxın perspektivdə internet xidmət bazarında rəqabət xeyli güclənə bilər. Əsasən də internet-provayderlərə rəqib qismində yaxın gələcəkdə 3G - üçüncü nəsil şəbəkəsinin kommersiya istismarını istifadəyə verəcək mobil rabitə operatorları çıxış edə bilər. Yeni rabitə standartı ilk növbədə verilənlərin 2 Mbit/s sürətlə ötürülməsinə hesablanıb.
3G texnologiya üzrə internetə çıxışın üstünlükləri aşkardır. Onlar yüksək sürətlə yanaşı, çevikliyi də təmin edə bilərlər. Məhz buna görə də istifadəçilərin böyük hissəsi (portativ kompüterlər) məhz bu qoşulmanı seçəcək ki, bu da öz növbəsində provayderləri marketinqə daha böyük diqqət ayırmağa və ənənəvi qoşulma yollarına olan qiymətləri azaltmağa məcbur edəcək.
3G-nin (normal tariflərin mövcudluğu ilə) istismara verilməsi internet bazarının inkişafına, çoxzolaqlı xidmətlərin ev istifadəçilərinin sayının artımına əsaslı dərəcədə təsir edə bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]