Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir H.Vəliyev/
Azərbaycanın irəli sürdüyü və BMT tərəfindən qəbul olunmuş "Şərq-Qərb" superinformasiya magistralının yaradılmasına dair qətnamə optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi ilə bağlı həll olunmamış təşkilati məsələləri aradan qaldıracaq. Bunu bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, qəbul olunmuş qətnaməyə əsasən, region ölkələrinə bu layihənin reallaşması üçün zəruri olan bütün tədbirlərin həyata keçirilməsi tövsiyə olunub və Xəzər seqmentinin çəkilişi layihəsi Azərbaycanın təşəbbüsləri çərçivəsində həyata keçiriləcək.
Bundan əvvəl nazirlikdən verilən məlumata görə, hazırda Azərbaycan və Türkmənistan arasında optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə müəyyən razılaşmalar əldə olunub. İki ölkənin rabitə administrasiyalarına göstərişlər verilib və layihə dövlətlərarası komissiyanın protokoluna daxil edilib.
Türkmənistanla paralel olaraq Qazaxıstanla da danışıqlar aparılır. Azərbaycan Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə Qazaxıstanın KazTransCom şirkəti arasında protokol imzalanıb. Protokola görə, layihənin maliyyələşdirilməsi birgə həyata keçiriləcək.
Azərbaycanla Türkmənistan arasında optik-lif kabel magistralının Transxəzər seqmentinin çəkilişi bu gün çox sərfəlidir, çünki bu, marşrutun azaldılmasına, mübadilə olunan trafikin həcminin artırılmasına və Qırğızıstan vasitəsilə Çinə birbaşa çıxışa imkan yaradır.