...

"Elektron təhsil" respublika müsabiqəsinin qalibləri müəyyən edilib

Telekommunikasiya Materials 21 İyun 2010 16:21 (UTC +04:00)
"Elektron təhsil" respublika müsabiqəsinin qalibləri müəyyən edilib. Bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin məlumatında deyilir.
"Elektron təhsil" respublika müsabiqəsinin qalibləri müəyyən edilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

"Elektron təhsil" respublika müsabiqəsinin qalibləri müəyyən edilib. Bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin məlumatında deyilir.

Müsabiqə iki istiqamət - "Təhsildə internet-texnologiyalar" və "Müasir məktəbdə elektron təhsilin resursları" üzrə aparılıb.

"Müasir məktəbdə elektron təhsilin resursları" istiqaməti üzrə qaliblər "Fənn tədrisində İT tətbiqi üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT tətbiqi üzrə ən yaxşı metodika" , "Elektron ehtiyatlardan istifadə etməklə yaradılan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən ediliblər.

"Təhsildə internet-texnologiyalar" istiqaməti üzrə qaliblər isə "Təhsildə internet resurslar" və "Müəllim bloqları" nominasiyaları üzrə müəyyən ediliblər.

İkimərhələli səsvermə Təhsil Nazirliyinin münsiflər heyəti tərəfindən keçirilib.

Müsabiqədə 810 layihə iştirak edib və onlardan 89 nominant seçilib.

Beş nominasiya üzrə hər qalibə noutbuklar və digər xüsusi mükafatlar verilib.

"Fənn tədrisində İT tətbiqi üzrə ən yaxşı metodika" nominasiyasınını qalibləri Heydər Əliyev Təhsil Kompleksinin iki şagirdi, Cəbrayıl Qurbani adına məktəbin və Sumqayıt şəhərindəki 3 saylı peşə liseyinin şagirdləri olublar.

"İbtidai təhsil sistemində İT tətbiqi üzrə ən yaxşı metodika" nominasiyanın qalibləri 23 saylı məktəbin, Qusar internat məktəbinin, Bakı Avropa liseyinin və Heydər Əliyev Təhsil Kompleksinin şagirdləri olublar.

"Elektron ehtiyatlardan istifadə etməklə yaradılan tədris prosesinin ən yaxşı modeli" nominasiyasında qaliblər Qusar internat məktəbinin, 204 saylı məktəbin, Ucar 2 saylı şəhər məktəbinin və 102 saylı məktəbin şagirdləri olublar.

"Müəllim bloqları" nominasiya üzrə qaliblər Masallı rayonunun Ərkivan qəsəbəsinin 4 saylı məktəbinin, Bakı Kompüter Kollecinin və Zaqatala Müəllimlər İnstitutunun müəllimləri olublar.

Müsabiqənin beş iştirakçısı "Təhsildə internet-texnologiyalar" nominasiyasının qalibləri olublar.

Müsabiqə 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə İKT ili"nin əsas istiqamətlərindən biri olub və Microsoft Azerbaijan, Intel, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP-nin təşkilatçılığı və "Мadad"ın dəstəyi ilə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı çərçivəsində keçirilib.

Müsabiqənin başlıca məqsədi təhsil prosesində elektron təhsil resursları və internet-texnologiyaların tətbiqinin populyarlaşdırılması, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, təhsil məqsədləri üçün internetin tətbiqinin yeni formalarının aşkara çıxarılması, təhsil prosesində informasiya texnologiyalarını fəal tətbiq edən müəllimlərin stimullaşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti