...

Vaşinqtonda "Azərbaycan ritmləri" konserti və Novruz şənliyi keçirilib

Telekommunikasiya Materials 8 Aprel 2011 12:17 (UTC +04:00)
"Azercell Telekom" un dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilib.
Vaşinqtonda "Azərbaycan ritmləri" konserti və Novruz şənliyi keçirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

"Azercell Telekom" un dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilib.

Novruz bayramı ərəfəsində ABŞ-da "Azercell Telekom" MMC-nin dəstəyi ilə Azərbaycan mədəniyyət və incəsənətini təbliğ edən tədbirlər baş tutub. Martın 25-də Vaşinqtondakı Linkoln teatrında "Azərbaycan ritmləri" adlı konsert keçirilib. İki hissədən ibarət konsert proqramında dinləyicilərə sənətçilərimizin müxtəlif janrlarda ifa etdikləri musiqi kompozisiyaları təqdim olunub. Birinci hissədə "Natiq" ritm qrupunun zərb alətlərində ifa etdiyi musiqi, ikinci hissədə RAST qrupunun ifasında Azərbaycan xalq mahnılarının caz janrında improvizasiyası səsləndirilib.

"Azərbaycan irsi həftəsi" çərçivəsində keçirilən bu konsert ABŞ-dakı Qarabağ Fondu tərəfindən təşkil olunub. Bu diaspora qurumunun əsas fəaliyyət istiqaməti Amerikada Azərbaycan incəsənətini təbliğ etməkdən ibarətdir. Konsertdə Azərbaycan Milli Məclisinin üzvləri, ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, KİV nümayəndələri də iştirak ediblər.

Bununla bərabər, "Azercell"in dəstəyi ilə Amerikada yaşayan azərbaycanlıların bir qisminə Novruz bayramını qeyd etmək imkanı da yaradılıb. Belə ki, martın 21-də Merilendin tarixi Qlenvyu qəsrində 300-dən çox qonağın iştirakı ilə keçirilən bayram şənliyində Azərbaycanın tanınmış sənətçilərinin çıxışları baş tutub.Amerikada yaşayan soydaşlarımızda yanaşı, amerikan qonaqlar da kamança ustası İmamyar Həsənovun canli musiqisini, İpək Yolu rəqs qrupunun milli rəqslərini maraqla izləyiblər.

Baharın ilk günlərində baş tutan tədbir zamanı qonaqlar həm də Novruz adət-ənənələri ilə canlı şəkildə tanış olublar. Onlar üçün milli mətbəx nümunələri, şirniyyatlarla zəngin çay dəstgahı təşkil olunub. Amerikanlar üskü ənənəsi - ocaq üstündən tullanma adətini də seyr ediblər.

Bu tədbir ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Mərasim Amerikadakı azərbaycanlıların bir araya gətirilməsi, ənənələrimizin amerikanlarla bölüşdürülməsi baxımından böyük önəm daşıyıb.

Xəbər lenti

Xəbər lenti