...

Azərbaycanın mobil rabitə operatoru Bakcell-ə yeni rəhbər təyin edilib (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 28 Aprel 2011 17:49 (UTC +04:00)
Riçard Şirer Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə cümə axşamı şirkətdən bildiriblər.
Azərbaycanın mobil rabitə operatoru Bakcell-ə yeni rəhbər təyin edilib (ƏLAVƏ OLUNUB)

Riçard Şirerin fikirləri əlavə olunub (ilk xəbər saat 16:14-də yayılıb)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/

Riçard Şirer Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə cümə axşamı şirkətdən bildiriblər.

Əvvəllər bu vəzifədə İnekke Botter çalışırdı.

Şirerin iri telekommunikasiya şirkətlərində böyük iş təcrübəsi var.

Əvvəllər Şirer Malayziyanın "DiGi Telecom" və Bolqarıstanda "Empower Interactive Group Ltd" və "BTC Mobile EOOD" (Vivatel) şirkətlərində baş direktor vəzifəsini tutub.

O, həmçinin Böyük Britaniyada "T-Mobile" şirkətinin kommersiya direktoru, Mərkəzi və Şərqi Avropada böyük telekommunikasiya şirkəri "Telkomunikacja Polska" SA-nın idarə heyətinin üzvü olub.

"Yeni rəhbərliyin əsas məqsədi yeni innovasiya xidmətlərinin tətbiqi sayəsində müştəri bazasının daha da genişləndirilməsi, eləcə də əlverişli qiymətlərlə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması olacaq", - şirkətdən deyiblər.

"Mənim üçün Azərbaycanın telekommunikasiya xidmətləri bazarında güclü mövqe tutan Bakcell şirkətinə qoşulmaq böyük şərəfdir. Mənim əsas vəzifəm şirkətin uğurlu fəaliyyətinin davam etdirilməsi, eləcə də abunəçi bazasının artırılması olacaq. Bakcell müştərilərini xidmətlərin yüksək səviyyəsi və daha sərfəli qiymətlərlə sevindirməkdə davam edəcək. Bakcell-in yüksək keyfiyyətli şəbəkəsi Azərbaycandakı bütün mobil rabitə istifadəçilərinin bütün tələblərinə cavab verəcək innovativ məhsul və xidmətlərin tətbiqi üçün güclü əsasdır. Mən şirkətlə və bizim işgüzar tərəfdaşlarımızla işə başlamağa şadam", - Şirer vəzifəyə təyinatını şərh edən zaman deyib.

"Bakcell" şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş irimiqyaslı investisiyalar sayəsində hazırda "Bakcell" əhalinin 95 faizini və ölkə ərazisinin 82 faizini əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2,5 milyona çatıb.

Xəbər lenti

Xəbər lenti