Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti internetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə beynəlxalq forumun (IGF-Internet Governance Forum) Bakıda təşkili məsələsini Cenevrədə müzakirə edir. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən bildiriblər.
Məlumata əsasən, nazirliyin nümayəndə heyətinə nazir müavini Elmir Vəlizadə başçılıq edir.
Cenevredəki görüş IGF-2012-nin planlaşdırılmasında vacib rol oynayır və gələcək forumun strukturları, proqramları, mövzuları, əsas sessiyaları və seminarlarının müzakirəsini əhatə edir.
Azərbaycan nümayəndə heyəti tərəfindən IGF-2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilmiş təqdimat keçiriləcək.
Məlumata əsasən, bu, irimiqyaslı tədbir olacaq və bununla əlaqədar olaraq, forumun keçirilməsi noyabrda təşkil ediləcək "BakuTel-2012" Beynəlxalq telekommunikasiya sərgisinin açılışı ilə eyni vaxta salınacaq.
Forumun işində müxtəlif ölkələrdən təxminən üç min nümayəndənin iştirakı gözlənilir.