...

ITU kibernetik təhlükəsizlik məsələlərində Azərbaycanın iştirakını alqışlayır

Telekommunikasiya Materials 6 Noyabr 2012 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbirlər H.Vəliyev, Y.Kosolapova/

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycanın kibertəhlükəsizlik məsələlərində iştirakını alqışlayır.

"Mən çox şadam ki, Azərbaycan kimi ölkə bu problemin həllinə cəlb olunub", - çərşənbə axşamı Bakıda Trend-ə ITU-nun baş katibi Hamadun Ture bildirib.

Turenin sözlərinə görə, kibertəhlükəsizlik çox mühüm məsələdir.

"Bu, beynəlxalq məsələdir və o yalnız qlobal səviyyədə həll oluna bilər", - o deyib.

Ture Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Beynəlxalq Telekommunikasiya İttifaqının icraçı orqanı olan Kibernetik təhlükələrə qarşı beynəlxalq çoxtərəfli əməkdaşlığın (ITU-IMPACT Collaboration) üzvlüyünə qəbul edilməsi ilə bağlı məmnunluğunu ifadə edib.

Qərar oktyabrın 14-18-də Dubayın sərgi mərkəzində GITEX texnologiyaları həftəsi ilə birlikdə keçirilən "ITU Telecom World 2012" sərgi-konfransı çərçivəsində qəbul edilib.

IMPACT BMT-nin ixtisaslaşdırılmış ITU müəssisəsinin icraçı orqanıdır. Qurum dünyada kibernetik təhlükələrə qarşı ilk ittifaq olaraq dünya ictimaiyyətinin imkanlarının genişləndirilməsi məqsədi ilə hökumətləri, akademik təşkilatları və sahənin ekspertlərini kibernetik təhlükələrlə mübarizədə birləşdirir.

Ture qeyd edib ki, kibernetik təhlükəsizlik üzrə konvensiya ITU-nun dekabrda Dubayda təşkil edəcəyi Beynəlxalq telekommunikasiya üzrə ümumdünya konfransındakı müzakirələrin gedişində əsas məsələ olacaq.

Onun sözlərinə görə, qurumun bütün iştirakçıları kibertəhlükəsizliklə bağlı birgə saziş imzalamalıdırlar.

"Biz kibernetik məkanda törədilən cinayətlər üçün cinayət məsuliyyətini nəzərdə tutacaq vahid hüquqi bazanın olduğuna əmin olmalıyıq", -Ture deyib.

Azərbaycanda İKT sahəsinin inkişafı haqqında danışarkən, o qeyd edib ki, inkişaf səviyyəsi üzrə iqtisadiyyatın bu sektoru energetika sahəsindən sonra ikinci yerdə durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti