...

Azərbaycanın mobil rabitə operatorunun 16 il ərzində investisiyaları 1,2 milyard dolları ötüb

Telekommunikasiya Materials 6 Fevral 2013 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC Bakı və Abşeron yarımadası üzrə LTE (Long Term Evolution) şəbəkəsini genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin rəhbəri Kiril Qaburiç mətbuat konfransında deyib.

"Şirkət ötən il baza stansiyalarının sayını iki dəfə artırıb. Hazırda "Azercell" şəbəkəsinin baza stansiyalarının sayı 3359 ədədə çatıb", - Qaburiç qeyd edib.

Ötən il ərzində şirkət tərəfindən 1000 yeni baza stansiyası işə salınıb. Operatorun mobil şəbəkəsi respublika əhalisinin 99,8 faizini əhatə edir. "Azercell" 2012-ci ildə ölkənin telekommunikasiya sektorunun inkişafına 100 milyon manat investisiya qoyub. Şirkət 16 illik fəaliyyəti ərzində 1 milyard manat investisiya yatırıb.

Şirkət ötən il dövlət büdcəsinə 90 milyon manat, 16 illik fəaliyyəti ərzində isə 925 milyon manat ödəyib.

"Azercell Telekom" MMC-nin məlumatına görə, ötən il ərzində şirkətin şəbəkəsinin abonentlərinin sayı 200 min artaraq 4,4 milyona çatıb. Bu saydan təqribən 2 milyonu 3G şəbəkəsinin istifadəçiləridir.

"LTE şəbəkəsinin abonentlərinə gəlincə, bu şəbəkəni dəstəkləyən qurğuların sayının qeyri-kafi olduğunu nəzərə alsaq, onların sayı yüzlərlədir, - Qaburiç qeyd edib. - LTE şəbəkəsinin əhatəsi hələlik paytaxt ərazisi ilə məhdudlaşır. Burada 10 çıxış nöqtəsi quraşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti