Azərbaycan, Bakı, 12 mart /Trend/
"Nar Mobil"e 2012-ci ildə başladığı "Eşitməmək - düşünməmək deyil" layihəsi çərçivəsində fəaliyyətini davam etdirir.
Şirkətdən Trend-ə verilən məlumata görə, mart 12-də Nar Mobile-ın baş ofisində 10 yerli şirkətin insan resursları departamentinin direktorları bir araya gəliblər. Görüş zamanı iştirakçılara eşitmə qabiliyyəti məhdud olan insanların işsizlik probleminin həll olunmasına yönələn "Eşitməmək - düşünməmək deyil" layihəsi haqqında ətraflı məlumat verilib, eşitmə qabiliyyəti məhdud olan insanların işə düzəlmə məsələsi ətrafında geniş müzakirə aparılıb.
Tədbirdə çıxış edən "Azerfon" şirkətinin İnsan resursları şöbəsinin direktoru Mətanət Babayeva şirkətin bu sahədə təcrübəsindən danışaraq, Azerfon-da işləyən 12 nəfər eşitmə qabiliyyəti məhdud insanın uğurlu iş təcrübəsindən söz açıb.
Nar Mobile-ın Korporativ Sosial Məsuliyyət strategiyasından söz açan şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai "Eşitməmək - düşünməmək deyil" layihəsinin məqsədlərini iştirakçıların diqqətinə çatdırıb. Belə ki, layihənin əsas məqsədinin eşitmə qabiliyyəti zəif olan insanlara dəstək olmaq, onların işsizlik probleminin həllində yardımçı olmaq və bu işlərə digər şirkətləri cəlb etmək olduğu bildirilib.
Görüşdə iştirak edən insan resursları departamentlərinin rəhbərləri Nar Mobile-ın təşəbbüsünü yüksək qiymətləndirib və bu işin davam etdirilməsində Nar Mobile-a qoşulacaqlarını bildiriblər. Sonda eşitmə qabiliyyəti zəif olan insanların CV-ləri insan resursları departamentlərinin rəhbərlərinə təqdim olunub.
Qeyd edək ki, "Nar Mobile" nümayəndələri bundan öncə adıçəkilən layihə çərçivəsində Azərbaycan Karlar Assosiasiyasında eşitmə qabiliyyəti məhdud olan gənclər üçün CV yazılması və iş axtarılması yolları mövzusunda treninqlər keçirmişdilər.