...

BMT Azərbaycana kibertəhlükəsizlik üzrə sammit keçirməyi təklif edir

Telekommunikasiya Materials 30 İyul 2013 18:50 (UTC +04:00)
Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi və birgə onlayn forumun keçirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Qeyri-Dövlət Qurumları ilə İş Şöbəsi tərəfindən Dünya azərbaycanlılarının 1-ci virtual konfransının "BakuTel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilməsi üzrə işlər aparılır.
BMT Azərbaycana kibertəhlükəsizlik üzrə sammit keçirməyi təklif edir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir H.Vəliyev/

Xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi və birgə onlayn forumun keçirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Qeyri-Dövlət Qurumları ilə İş Şöbəsi tərəfindən Dünya azərbaycanlılarının 1-ci virtual konfransının "BakuTel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilməsi üzrə işlər aparılır.

Trend-in çərşənbə axşamı RİTN-ə istinadən verdiyi məlumata görə, artıq sərgiyə hazırlıq işləri bir qədər də intensivləşdirilib. "BakuTel-2013"-ün keçiriləcəyi "Baku Ekspo Mərkəzi"ndə bütün zallar, o cümlədən birinci zal 4 min kv.metr, ikinci zal 5 min kv.metr, üçüncü zal 3 min kv.metr, 5 min kv.metr olan foye hissəsi üzrə sərgiyə yararlı 3 min kv. metr, koridor 2 min kv. metr olmaqla, ümumilikdə 19 min kv. metr ərazi sərgi üçün istifadə ediləcək.

Hazırda "Iteca Caspian" şirkəti ilə aparılan intensiv işlər nəticəsində birinci zal tamamilə iştirakçı şirkətlər tərəfindən müqavilə əsasında götürülüb. İkinci zalın isə artıq 50 faizi doldurulub. Üçüncü zal, eyni zamanda digər sahələrin də doldurulması istiqamətində işlər davam edir. Nəticə etibarilə bütün zallar sərgi iştirakçıları tərəfindən tutularsa, bu, əvvəlki illərə nisbətən ərazinin 50 faiz artımı deməkdir.

Sərgi çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birgə "Beynəlxalq kibertəhlükəsizlik" konfransının keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, konfransın Ekspertlər İclası və Nazirlər Toplantısının keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq, Beynəlxalq Telekommunikasiya İttifaqında xüsusi qrup yaradılıb. Hazırda xüsusi qrup konfransın proqramı və tədbirə dəvətlilərin siyahısının hazırlanması ilə məşğuldur. Sentyabrın əvvəllərindən etibarən bu konfransda iştirak edəcək tərəflərə müvafiq dəvətnamələrin təqdim edilməsi nəzərdə tutulur.

Konfransın yekununda kibertəhlükəsizlik sahəsində "Bakı Bəyannaməsi"nin qəbulu nəzərdə tutulur. Bəyannamədə 2014-cü ildə Bakıda Kibertəhlükəsizlik üzrə Sammitin keçirilməsi ilə bağlı tövsiyələr də əks olunacaq. Nəticə etibarilə burada BMT çərçivəsində kibertəhlükəsizlik üzrə dünyada ilk və yeganə qətnamənin qəbul ediləcəyi gözlənilir. Belə ki, BMT ölkəmizin son zamanlar apardığı işləri, eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, həmçinin rəqəmli neytral ölkə olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidentinə müraciət edib və sammitin Bakıda keçirilməsi təklifini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti