...

TASİM layihəsinin iştirakçıları anlaşma memorandumu imzalayacaqlar

Telekommunikasiya Materials 29 Noyabr 2013 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir H.Vəliyev/

"BakuTel-2013" sərgisi çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsi üzrə anlaşma memorandumu imzalanacaq. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sərgiyə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənədi layihə iştirakçıları imzalayacaqlar: "Onlar arasında Qazaxıstan, Rusiya, Çin, Türkiyə və Azərbaycandan olan operatorlar var. Sərgi böyük əhəmiyyətə malikdir, çünki bu il Azərbaycanda "İKT ili" elan edilib".

E.Vəlizadə qeyd edib ki, cari ildə sərginin yeniliklərindən biri ayrıca zona olacaq. Həmin zona startaplara şamil ediləcək. Burada proqram istehsalçıları öz həllərini təqdim edə biləcəklər. Bundan başqa, yükək texnologiyalar parkına həsr edilmiş ayrıca stend quraşdırılacaq.

Nazir müavininin sözlərinə görə, Regional Rabitə Birliyinin iclasının keçirilməsi gözlənilir: "İclas çərçivəsində 694-790 meqahers dalğalarından rasional istifadə məsələləri müzakirə ediləcək. Bu dalğalar mobil rabitənin inkişafı üçün nəzərdə tutulub. Hazırda həmin dalğalar işə salınıb və televiziya yayımı üçün istifadə olunur".

Sərgi daxilində keçiriləcək tədbirlər sırasında kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans, ABŞ-Azərbaycan və İsrail-Azərbaycan biznes forumları, internetin idarə edilməsi üzrə regional forumun keçirilməsi və digərləri var.

Onun sözlərinə görə, sərginin yekunu üzrə dekabrın 6-da Bakıda qlobal internet şəbəkəsinin tarixinə həsr edilmiş tədbir baş tutacaq.

Qeyd edək ki, "Bakutel 2013" sərgisi dekabrın 2-5-də Bakı Sərgi Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti