Bakı. Trend:
Bakıda keçiriləcək TEKNOFEST Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya Festivalında əlilliyi olan insanlar üçün "ağıllı" ayaqqabılar layihəsi təqdim olunacaq.
Bunu Trend-ə müsahibəsində Azərbaycanın "Qambit" komandasının rəhbəri Vəfa Ocaqverdiyeva deyib.
Onun sözlərinə görə, bu ayaqqabılar vibrasiya vasitəsilə maneələr haqqında məlumat ötürən xüsusi sensorlar və detektorlarla təchiz olunacaq.
"Görmə qabiliyyəti zəif olan insanlar hərəkət edərkən qarşılaşa biləcəkləri maneələr barədə asanlıqla məlumatlandırıla biləcəklər", - Ocaqverdiyeva bildirib.
“Qambit” komandasının kapitanı Atilla Məmmədovun sözlərinə görə, bu ayaqqabıların nəzərdə tutulduğu funksiyanı yerinə yetirməsi üçün elektrik enerjisi lazımdır.
“Bu ayaqqabıların öz funksiyasını yerinə yetirməsi üçün onlar müvafiq enerji istehsal edən qurğu ilə təchiz olunacaqlar", - o bildirib.
Komandanın kapitanı “Qambit”in TEKNOFEST aviasiya, kosmik və texnologiya festivalında yüksək göstəricilərə nail olacağına və iştirakçılar arasında birinci yeri tutacağına əminliyini ifadə edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.