Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəssisələrinin tərkibinə daxil olan Aztelekom İB ölkənin bütün ərazisində TAC KART sistemini tətbiq etməyi planlaşdırır. Trend in Nazirliyə istinadən xəbər verdiyi kimi, ilk dəfə bu sistem Quba və Gəncə telekommunikasiya qovşaqlarında və Naxçıvan MR Rabitə Nazirliyinin şəbəkəsində istismara verilib.
TAC KART rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kredit sistemidir. Abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, TAC KART sistemində isə danışığı telefonun balansına pul vəsaiti keçirməklə həyata keçirir.
Abunəçi TAC KART sisteminə qoşulmaq üçün əvvəlcə 10,20 və 50 min manatlıq TAC KART əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və TAC KARTIN üzərindəki Pin Kod-u daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.
Daha sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyanın hazırlıq siqnalını alır və nömrəni yığır.
Qeyd edək ki, bu sistem "Aztelekom" İB-in baş direktoru Məhəmməd Məmmədov və birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Rasim Əliyev tərəfindən yaradılıb.