...

UNDP eksperti: Azərbaycan informasiya cəmiyyətinin formalaşmasında böyük potensiala malikdir

Telekommunikasiya Materials 30 Yanvar 2007 15:02 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (AMEA İTİ) NATO-nun Cənubi Qafqaz üzrə məsləhətçisi, BMT-nin İnkişaf Proqramı üzrə eksperti doktor Yacek Qajevski, onun köməkçisi AKNET-in (Bişkək, Qırğızstan) icraçı direktoru Yelena Anisimova və AzNet layihəsinin rəhbəri Murad Maqsudov ilə görüş keçirilib. Bu barədə Trend AMEA-ya istinadən xəbər verir.

Görüşün əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən elmi-tədqiqat institutlarında, ali və orta təhsil müəssisələrində kompüterləşdirilmə və İnternetə qoşulmanın vəziyyəti ilə tanışlıq olub.

Görüşdə institutun direktoru t.e.d. Rasim Əliquliyev qeyd edib ki, informasiya cəmiyyətinin yaradılması prosesində ən mühüm amil "İnformatika" fənninin yüksək səviyyədə tədris olunması və bunun üçün təhsil proqramlarının reallaşdırılması və yüksək ixtisaslı müəllimlərin hazırlanmasıdır.

Azərbaycanın Elmi -tədqiqat və təhsil şəbəkələri assosiasiyasının (AzRENA) icraçı direktoru, informasiya texnologiyaları şöbəsinin müdiri Əmiraslan Əliyev bildirib ki, təşkilat NATO-nun "Virtual ipək yolu" layihəsi çərçivəsində AMEA-nın 40-a yaxın institut və təşkilatlarını, 17 ali təhsil müəssisəsini İnternetlə təmin edir.

M.Maqsudov orta ümumtəhsil məktəblərinin kompüter və İnternetlə təminatının vəziyyəti barədə məlumat verib, bu məsələ üzrə fikir mübadiləsi aparılıb.

Y.Qajevski MDB məkanında informasiya cəmiyyətinin qurulmasında Azərbaycanın böyük potensiala malik ölkə olduğunu vurğulayıb. O, İKT-nin inkişafı üçün AR Prezidentinin yürütdüyü dövlət siyasətini yüksək qiymətləndirdiyini bildirib. O həmçinin Azərbaycanda elm və təhsil sahələrinin informasiyalaşdırılmasının həyata keçirilməsində kömək göstərməyə həmişə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti