...

Azercell iki beynəlxalq mükafat alıb

Telekommunikasiya Materials 29 Mart 2007 15:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycanın Mobil operatoru Azercell Telecom BM öz ətrafında işgüzar qurumları birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubundan (Caspian Integration Business Club) "Caspian Energy İntegration Award- 2007" beynəlxalq mükafatını alıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Mükafatın sahiblərini müəyyənləşdirmək üçün dünyanın 32 ölkəsində 1500 şirkətin menecerləri arasında sorğu aparılıb. Tək Azərbaycan deyil, dünyanın müxtəlif ölkələrindən olan 7500 respondentin rəyinə görə, bu il "Azercell Telekom" iki müxtəlif nominasiyada qalib gəlib. Belə ki, şirkət həm xeyriyyəçilik, həm də telekommunikasiya sahəsindəki fəaliyyətinə görə fərqləndirilərək, "İlin GSM operatoru" və "İlin xeyriyyəçisi" mükafatlarına layiq görülüb.

"İlin xeyriyyəçi" mükafatını şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölməsinin rəhbəri Kamilə İsayevaya sənaye və energetika naziri Natiq Əliyev təqdim edib. Nazir qeyri-neft sektorunda prioritet olan informasiya texnologiyaları sahəsində "Azercell"in uğurlarını yüksək qiymətləndirib.

"İlin GSM operatoru" nominasiyası üzrə mükafatı isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov təqdim edib. Şirkətin Marketinq şöbəsinin müdiri Ülviyyə Mirqasımova bu etimada görə minnətdarlığını bildirib: "Ümid edirik ki, bu, bizim sizin əllərinizdən aldığımız son mükafat olmayacaq".

"Azercell Telekom" ötən il də "İlin GSM şirkəti" nominasiyasında "Caspian Energy İntegration Award" mükafatını qazanıb. Beləliklə, artıq iki ildir ki, "Azercell" ardıcıl olaraq ilin ən yaxşı GSM operatoru seçilir.

Xəbər lenti

Xəbər lenti