...

Ərəblərin İran kabusu - Trend News-un icmalçısı

Nəzər nöqtəsi Materials 11 Sentyabr 2009 10:04 (UTC +04:00)
Ərəblərin İran kabusu  - Trend News-un icmalçısı

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

Yaxın Şərqdəki ərəb dövlətləri arasında Vaşinqtonun ən sadiq müttəfiqi Səudiyyə Ərəbistanının tarixində ilk dəfə olaraq dinc məqsədli nüvə elektrik stansiyasının tikmək istəyində olması regionda yeni hadisələrin baş verəcəyindən xəbər verir. Maraqlı məsələ ondadır ki, İslam dünyasının "rəmzi"nə çevrilmiş Səudiyyə Ərəbistanında nüvə stansiyasının tikilişinə regionun nüvə dövləti olan İsrail belə etiraz etmədi. Hətta bir çox yəhudi ekspertlər Səudiyyə Ərəbistanının nüvə proqramını soyuqqanlıqla qarşılayaraq, bunun İsrail üçün heç bir təhlükə doğurmadığını da əminliklə söylədilər. İsrail Milli Təhlükəsizlik İnstitutunun nüvə siyasəti üzrə analitiki Yefraim Askulai də (Ephraim Asculai) Səudiyyənin bu layihəsinin İsrailin təhlükəsizliyini təhdid etmədiyini bildirib.

Təbii ki, ABŞ-ın dəstəyi ilə İranın nüvə fəaliyyətinə qarşı yaradılan bir layihə İsrail üçün heç vaxt təhlükə mənbəyi ola bilməz. Çünki həm regionun sünni ərəb dövlətləri, həm də İsrail üçün vahid təhlükə mənbəyi olan İranın nüvə proqramı var .

Səudiyyə Ərəbistanının tarixində ilk dəfə nüvə elektrik stansiyasının inşasına məhz indi başlaması və İsrailin buna qəti etiraz etməməsi bir o qədər də yeni bir şey deyil. Çünki bu ilin may ayında Misir və İordaniyaya səfərindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramının region üçün təhlükəli olduğunu və İsrailin bu problemə qarşı ərəb dünyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi. Lakin yəhudi Baş nazirin belə bir təklifi hələ o vaxt ərəb ölkələri tərəfindən etirazla qarşılanmışdı. Hətta Ərəb Dövlətləri Liqasının Baş katibi Amru Musa rəsmi açıqlama verərək, nüvə baxımından İranın deyil, İsrailin ərəb dünyası üçün təhlükəli olduğunu bildirdi. "Nə üçün İranın nüvə proqramı məsələsi müzakirə obyektinə çevrildiyi halda İsrailin nüvə proqramına heç kim etiraz etmir?" - deyə Musa kəskin etiraz etmişdi. Daha sonra isə Baş katib ABŞ Prezidenti Obamaya ismarıc ünvanlayaraq, İrandan daha çox İsrailin həyata keçirdiyi nüvə proqramının müzakirə edilməsinin vacibliyini və bir çox ərəb ölkəsinin İranın nüvə proqramı ilə bağlı heç bir narahatlıq keçirmədiyini bildirmişdi. Lakin daha sonra, 2009-cu ilin avqust ayında Səudiyyə Ərəbistanının nüvə elektrik stansiyasının inşasına qərar verməsindən sonra Amr Musa İranı ərəb dövlətlərinin daxili işlərinə qarışmaqda ittiham etdi. Bu ittihamın arxasında isə əsaslı faktlar dururdu.

Bir o qədər də uzaq olmayan tarixə nəzər salsaq, İordaniya rəsmilərinin İraq İranın təsirinə düşdükdən sonra Yaxın Şərqdə İran, İraq, Suriya, Livan və Fələstin olmaqla "Şiə ayparası"nın yarandığı barədə fikirlər səsləndirdiklərini görərik. "Şiə ayparası" təhlükəsi İraqda ABŞ və koalisiya qoşunlarına qarşı mübarizə aparan "Mehdi Ordusu" ilə daha da gündəmə gəldi. ABŞ "Mehdi Ordusu"nu razı salmaq üçün İranla üç raundda danışıqlar aparmağa məcbur oldu və bu danışıqlar öz müsbət nəticəsini verdi.

2008-ci ildə Yəməndə yerli şiələrlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşma ənənəvi sünni ərəb ölkələrini "Şiə ayparası" üzərində daha ciddi düşünməyə vadar etmişdi. Toqquşmalardan bir il sonra yenə də Yəməndə yerli şiələrlə hökumət qüvvələri arasında daha şiddətli toqquşmalar baş verdi. Bu dəfə sünni "müdafiəçisi" Səudiyyə Ərəbistanı məsələyə qeyri-rəsmi münasibət bildirərək, Yəmən ordusuna şiə qiyamçılarına qarşı mübarizədə silahlı dəstək göstərdi. Çünki ölkənin cənubunda ikinci İraqın yaranmasına imkan vermək olmazdı. Yəmənin itirilməsi isə Səudiyyə Ərəbistanının Ədən körfəzinə çıxışını itirməsi ilə yanaşı, "Şiə ayparası"nın daha da genişlənməsi ilə nəticələnə bilər.

Təbii ki, Səudiyyə rəsmiləri Yəmən ordusuna göstərilən silahlı dəstəyi inkar etdilər və Yəmən Prezidenti Əli Abdulla Saleh də Səudiyyə ordusunun Yəmən ordusuna şiə qiyamçılarına qarşı dəstək verdiyini təkzib etdi.

Hadisələrdən bir ay sonra isə Yəmən Prezidenti Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə maraqlı bəyanatla çıxış etdi. "Yəməndə baş verən hadisələrdə (Şiə qiyamçıları və ordu arasındakı toqquşmada) iranlıların və Müqtəda Sədrə sadiq qüvvələrin əli var. Rəsmi olaraq İran hökumətini ittiham etmirəm, lakin Müqtəda Sədrin və İrana bağlı bəzi qüvvələrin şiə qiyamçılarına yüz min dollar maddi dəstək verməsi haqda əlimizdə sənədlər var", - Yəmən Prezidenti bəyan etdi.

Bütün bunlar yaxın vaxtlarda regionda ciddi siyasi dəyişikliklərin olacağına bir işarətdir. Bu dəfə Ərəb dövlətləri İranın regiona təsirini imkan daxilində minimuma endirməyə çalışacaqlar. Region nəhənglərinin döyüş meydanına isə Fələstin və Livandan savayı, Yəmənin də əlavə olunacağı ehtimal edilir.

Əslində, Ərəb dövlətlərinin İran təhlükəsi son illər yaranmayıb, 1979-cu ildə İranda İslam İngilabının qurulması və bu ingilabın qonşu müsəlman ölkələrə keçməsi ilə belə bir təhlükə gündəmə gəlmişdi.

İran İslam İnqilabı müsəlmanlar arasında sözün əsl mənasında dirçəlişin başlanması kimi qəbul edilirdi. Hətta maraqlısı odur ki, İslam İnqilabından sonra Türkiyədə bir çox sünni camaat inqilab lideri Ayətullah Xomeyniyə beyət edərək, onu özünə imam seçdi.

Ərəb dövlətlərinin Tehrandan ehtiyatlanmasının əsas səbəbinə gəlincə isə onu söyləmək olar ki, bu dövlətlər İranın nüvə proqramının ABŞ və İsrailə qarşı deyil sünni ərəb dövlətlərinə qarşı olduğunu düşünürlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti