...

Türkiyə Osmanlı nüfuzuna iddialıdır - Trend News-un icmalçısı

Nəzər nöqtəsi Materials 20 Oktyabr 2009 09:48 (UTC +04:00)

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

2002-ci ildə Türkiyədə islahatçı Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə ölkənin xarici və daxili siyasətində sözün əsl mənasında dəyişiklik hiss olunmağa başladı. Partiyaya müxalif milliyyətçi və mühafizəkar islamçı qüvvələr AKP-nin müvəffəqiyyət qazanacağına bir o qədər də inanmasalar da, zəfərə aparan "kiçik" qələbədən sonra "müxalif qüvvələr" alın yazısı ilə barışmalı oldular.

Hakimiyyətdə möhkəmlənməsi ilə AKP qütbləşmiş Türkiyə toplumuna yenilik gətirdi. Təbii ki, qütbləşmənin qarşısı alınmadı, bunun əvəzinə ölkədə siyasi elitalar öz yerlərini dəyişdilər - bu dəfə liberal islamçılar siyasi elita statusu qazandılar.

Şübhəsiz AKP-nin siyasi elita statusu qazanmaq üçün göstərdikləri xidmətlər əvəzsizdir. Hakim partiyanın ən uğurlu addımları isə ölkənin daxili və xarici siyasətində sözün əsl mənasında dönüş etmələri oldu.

Bir vaxtlar ölkənin xarici və daxili siyasətini ordu həll edirdisə , AKP-yə Cümhuriyyətin mövcud stereotipini ortadan qaldırmaq müvəffəq oldu. Lakin Türkiyədə istisnasız olaraq bütün hakimiyyətlərdə Osmanlı ambisiyalarının olması danılmazdır. Sadəcə olaraq, Türkiyənin daxili və xarici siyasətində bir qədər də artıq uğurlu siyasət aparmaması bu ambisiyaların qarşısını bu və ya digər şəkildə alırdı.

AKP hakimiyyəti ölkənin hansı məsələlərdə zəiflik göstərdiyini gözəl bilirdi və islahatçı imicini daha da gücləndirmək üçün əsaslı addımlar atmalı idi. Ən azından ona görə ki, bundan əvvəlki hakimiyyətlər kimi AKP hakimiyyətinin də Osmanlı ambisiyaları var idi və hakim partiya sıravi xalqın əvvəlki hakimiyyətlərdən hansı məsələlərdə narazı olduğunu bilirdi.

Elə buna görə də güclənmək üçün əsaslı islahatlar aparmaq zamanı idi.

2004-cü ildən etibarən Türkiyənin Aİ-yə üzv olması ilə bağlı danışıqlar başlasa da, ölkənin təşkilata üzv olması prosesinin uzadılmasının əsas səbəbləri - kürd problemi, Türkiyənin Ermənistanla sərhədləri açmaq tələbini yerinə yetirməməsi və 1915-ci ildə Osmanlı imperiyası tərəfindən törədilmiş "erməni soyqırımı"nı tanımamasıdır.

Əslində, AKP Aİ-nin qapılarının Türkiyənin üzünə bağlı olduğunu gözəl bilirdi. Buna baxmayaraq, onalr Aİ-yə üzvlük üçün ölkə daxilində islahatlar aparmağa davam edirdilər. Bir çox siyasi ekspertlər hesab edirlər ki, AKP-nin keçirdiyi islahatlar əslində Aİ-i üçün deyil, Yaxın Sərgin ən demokratik və super dövlətinə çevrilmək üçün idi.

Aparılan islahatlarla yanaşı, Türkiyə xarici siyasətində də hiss olunacaq dərəcədə dəyişiklər edərək regionda problemli məsələlərin həllində vasitəçiyə çevrildi. Suriya-İsrail, İsrail-Livan, Fələstin -İsrail və Pakistan-Əfqanıstan dialoqunun başlanması məhz Ankaranın xarici siyasətinin bəhrəsidir.

Aİ-yə "üzvlük" üçün atılan addımlar isə əslində Yaxın Şərqdə super güc olmaq üçün edilirdi. Lakin Türkiyə ilə yanaşı, Yaxın Şərqdə hegemon dövlət olmaq istəyən Səudiyyə Ərəbistanı, Misir, İsrail və İran kimi dövlətlər də var.

Belə olan halda ilkin mərhələdə regionda və dünyada dondurulmuş münaqişələrin həllində aktiv rol oynayan Ankaranın öz sözünü deməsinin vaxtı gəlib çatmışdı. Regionda isə Ankaranın potensial Osmanlı ərazisi kimi qəbul etdiyi, ərəb dövlətlərinin tərk etdiyi Fələstin və yəhudi-ərəb münaqişəsi var idi. Fələstin problemi və yəhudi-ərəb münaqişəsi artıq elə bir status qazanmışdı ki, bu problemi "həll" etməklə regionda və islam dünyasında söz sahibi olmaq olardı.

Osmanlı nüfuzuna iddialı Ankara tarixi prinsiplərinə əsaslanaraq ərəb dövlətləri ilə əlaqələrinə xələl gətirə bilməzdi, əksinə, bu əlaqələri daha da möhkəmləndirmək Ankaranın ilkin prioritetlərindən birinə çevrildi.

İsrailin 2008-ci ilin sonunda Qəzzədə həyata keçirdiyi hərbi əməliyyatlar Ankara-Tel-Əviv əlaqələrində geriyə addım, ərəb-türk münasibətlərinin isə başlanması oldu. Qəzzədə keçirilən hərbi əməliyyatlara cavab olaraq Ankaranın atdığı ilk addım Türkiyə Parlamenti tərəfindən İsrail-Türkiyə parlamentlərarası dostluq qrupunun ləğv edilməsi oldu.

Baş nazir Ərdoğanın Davosda İsrail Prezidentindən Qəzzədə baş verənlərə münasibət bildirmək üçün "bir dəqiqə" istəməsi Ərdoğanın həm ölkə daxilində, həm də ərəb və islam dünyasında nüfuzunu artırdı. Ərdoğan vətənə "Davos fatehi" kimi döndü.

Türkiyə-İsrail münasibətlərinin arxa plana keçməsindən sonra isə Ankara regionda bir az da güclənmək üçün tədbirlər görməli idi. Elə bu səbəbdən də rəsmi Ankara qonşu dövlətlərlə, xüsusən də Dəməşq və Bağdadla əlaqələrinə yenidən nəzər salaraq, Suriya ilə Türkiyə arasında ola viza rejimini ləğv etdi, İraqla isə müxtəlif sahələr üzrə bir gündə 48 sənəd imzalandı.

İranı razı salmaq üçün də müəyyən addımlar atılmalı idi ki, bu dəfə də Ərdoğan BMT Baş Assambleyasında özünəməxsus tərzdə nitq söyləyərək, dünyanın İranın nüvə proqramını müzakirə etdiyi təqdirdə, İsrailin nüvə proqramını müzakirə etmədiyini bildirdi.

Daha sonra Ankara ABŞ-İsrail-Türkiyə hərbi təlimlərində iştirak etməkdən imtina etdi və "Davos fatehi" Erdoğan bunu xalqın istəyi ilə etdiklərini bildirdi.

Əslində, baş verən bütün hadisələrin fonunda Türkiyə region açıq-aydın ismarıc verməkdədir - regionda tək güc və qüdrət sahibi Ankaradır.

Türkiyənin Osmanlı nüfuzuna olan iddialarını reallaşdıra bilib-bilməyəcəyini isə zaman göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti