...

Siyasi ekspert: Növbəti erməni təxribatı humanizm dəyərlərinə qarşı atılan aşkar həyasızlıq aksiyasıdır

Nəzər nöqtəsi Materials 6 İyul 2017 14:47 (UTC +04:00)

Bakı. Trend:

“Füzuli rayonunun Alxanlı kəndində nənə və nəvəsinin işğalçı Ermənistan ordusunun atəşi nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, cinayətkarların toplaşdığı bu ölkədə heç bir insan hüquqlarına, heç bir bəşəri dəyərlərə qiymət verilmir”.

Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev sözügedən qanlı cinayət hadisəsini şərh edərkən deyib.

Onun fikrincə, qadın, uşaq, qoca olmasına əhəmiyyət verməyərək müasir dünyamızda bu cür barbarlığın aşkar şəkildə sərgilənməsi bir daha belə qənaətə gəlməyə əsas verir ki, cinayətkar Serj Sarkisyan rejimi öz atalarının yollarını davam etdirirlər: “Biz tarixi faktları araşdırarkən dəfələrlə erməni daşnaklarının, müxtəlif terror təşkilatlarının türk dünyasına, Azərbaycan xalqına qarşı amansızlıqlarının şahidlərinə çevrilmişik. İstər XX əsrin əvvəllərində və sonlarında, istərsə də XXI əsrdə onların dəyişilməyən cinayətkar düşüncələri öz qüvvəsində qalmaqdadır. Uzağa getməyərək, ötən əsrin sonlarında baş vermiş Xocalı soyqırımını xatırlaya bilərik. Qadın, uşaq, yaşlı, gənc demədən hər kəsi xüsusi qəddarlıqla qətlə yetirən erməni faşistlərinin müasir dünyada da eyni əməllərindən geri qalmamaları onların çirkaba bulaşmış və mənşəyi bilinməyən genlərində formalaşmış cəlladlıqlarının bariz göstəricisidir. Təəssüf ki, baş verən Alxanlı olayı da bu qəbildəndir və bu gün dünya birliyi, beynəlxalq mətbuat qurumları, nüfuzlu siyasi təşkilatlar sadəcə “dişsiz” bəyanatlar verməklə, ya da ümumiyyətlə, sakit dayanmaqla işlərini bitmiş hesab edirlər. Halbuki, ortada amansız cinayət faktı var və bu fakt humanizm dəyərlərinə qarşı atılan aşkar həyasızlıq aksiyasıdır”.

“Eyni zamanda, biz növbəti dəfə Azərbaycana qarşı ikili standartların tətbiq edildiyini gördük”, - deyən B.Quliyev vurğulayıb ki, xüsusilə, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməli olduğunu dəfələrlə bəyan edən ATƏT-in Minsk qrupunun heç bir təməlli təsirə malik olmayan bəyanatı buna bir sübutdur: “Təəssüf edirəm ki, Azərbaycanda məişət zəminində baş verən istənilən bir olayı siyasiləşdirərək, bunu ölkəmizə qarşı istifadə edən bir sıra xarici insan haqları təşkilatları Alxanlı cinayəti barədə bir kəlmə olsun fikir səsləndirmədilər. Bu səbəbdən erməni işğalçıları daha da azğınlaşaraq münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayırlar. Artıq belə də deməyə əsas yaranır ki, cinayətkar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin artmasına zəmin yaradır”.

Siyasi ekspert son olaraq bildirib ki, mülki azərbaycanlı əhaliyə qarşı törədilən bənzər cinayətlərə söz yox ki, Azərbaycan dövləti və Ordusu tərəfindən sərt cavab verilir: “Lakin bu da bütövlükdə Qafqaz regionunda yeni müharibə alovunun yaranmasına səbəb ola bilər. Bütün bunlara baxmayaraq, işğal altında qalan ərazilərimizin azad edilməsi hər birimiz üçün vətəndaşlıq mövqeyidir. Biz inanırıq və qətiyyən şübhə etmirik ki, torpalqlarımız tezliklə düşmən tapdağından azad olunacaq və cinayətkarlar öz cəzalarını alacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti