...

Vüqar Rəhimzadə: Bu gün mətbuat ölkədə ən sürətlə inkişaf edən, günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir (FOTO)

Nəzər nöqtəsi Materials 3 May 2018 14:49 (UTC +04:00)
Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Prezident yanında Bilik Fondu ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib.
Vüqar Rəhimzadə: Bu gün mətbuat ölkədə ən sürətlə inkişaf edən, günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir (FOTO)

Bakı. Trend:

Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Prezident yanında Bilik Fondu ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib.

Trend-in məlumatına görə, çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz və əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətə gəldiyi gündən bəri Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.

“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, 1991-ci ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dönəmində jurnalistlərin azad və müstəqil fəaliyyətinə böyük maneələr yaradılırdı, mətbuat işçiləri fiziki təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyev həmin illərdə hakimiyyətə gəlməsəydi, mətbuat sahəsindəki ciddi problemlər daha da dərinləşəcəkdi. Bu səbəbdən də, Ulu Öndər həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoydu.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Vüqar Rəhimzadə bildirib ki, Prezidentin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu: “Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiyayayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə keçid dövləti kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı”.

Baş redaktor söyləyib ki, bu gün mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan çox mühüm addımlar atır. Ulu Öndərin əsasını qoyduğu ənənəni davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib, medianın sürətli tərəqqisi üçün fond təsis edilib, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu günə qədər 400-dən artıq mətbuat işçisinə dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və bu, hazırda da davam etməkdədir.

Mühazirə qarşılıqlı diskussiya şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti