...

Ekspert: Erməni əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlu üzərində qurduğu aldadıcı oyunları alt-üst edir

Nəzər nöqtəsi Materials 26 Mart 2019 09:46 (UTC +04:00)
Erməni əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlu üzərində qurduğu aldadıcı oyunları alt-üst edir.
Ekspert: Erməni əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlu üzərində qurduğu aldadıcı oyunları alt-üst edir

Bakı. Samir Əli - Trend:

Ermənistan hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, orduda fərarilik, nizamnamədənkənar hərəkətlər, əsgərləri hərbi işdən kənar sahələrdə, şəxsi həyətlərdə nökər kimi işlətmək, ölüm faktları və başqa bu kimi hallar həmişə olub, bu gün də davam edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev Ermənistanda hərbi hissələrdən birində qiyama cəhdə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda əsgər anaları uzun müddətdir etiraz edir və hərbi-siyasi rəhbərliyin sıravi əsgərlərə münasibətdə qeyri-insani və istismarçı fəaliyyətlərini ifşa edirlər:

"Hələ 90-cı illərin sonlarından başlayaraq "əsgər anaları" etiraz hərəkatının indiyə qədər davam etməsi orduda dağılma və özbaşınalıqlar tendensiyasının getdikcə gücləndiyindən xəbər verir. Ermənistan ordusunda əsgərlərin etirazları öz məzmununa görə çoxcəhətlidir. Ancaq işğalçı ölkənin ordusunda ən güclü etiraz və narazılıq dalğası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmətlə bağlıdır. Orduda bu xarakterli əsgər etirazları əslində son illərin təzahürüdür və bu prosesin başlanması Azərbaycanın dünya miqyasında apardığı dəqiq diplomatiya sayəsində Ermənistanın təcavüzkar siyasətinin mahiyyətinin tam açılması ilə bağlıdır. İndi bütün dünyada və Ermənistan cəmiyyətinin özündə mütləq əksəriyyət yaxşı başa düşür ki, Dağlıq Qarabağ işğal edilmiş bölgədir, Azərbaycana məxsusdur, gec-tez geri qaytarılacaq və bu səbəbdən erməni gənclər arasında işğal edilmiş torpaqlarda xidmət əleyhinə etirazlar kütləviləşir. Ermənistanda son günlər baş qaldıran açıq qiyam halları həm də gənclərin təcavüz siyasətinin gələcəyinə ümidsiz yanaşmasının nəticəsidir və göstərir ki, yeni baş nazir Paşinyan da erməni ordusunu keçmiş hakimiyyətlərdən miras qalmış dağıdıcı və tənəzzül proseslərindən xilas edə bilməyib".

Ekspert bildirib ki, erməni ordusunda qiyam şəkli alan əsgər narazılıqları hərbi intizamsızlıq, zabitlərin onlara gəlir mənbəyi kimi baxması, ölkədəki ümumi iqtisadi böhran və dövlətin açıq-aşkar təcavüzkar siyasətinin nəticələridir:

"Hadisələr orduda etirazların qiyam və digər müxtəlif formalarda getdikcə güclənəcəyini deməyə xeyli əsas verir. Ermənistan ordusunda etirazların artması Paşinyanın bir müddət əvvəl atdığı məlum bir populist addımın da tam iflası sayıla bilər. Belə ki, Paşinyan öz oğlunu populist mülahizələrlə işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmətə göndərəndə bu hadisənin erməni gəncləri Azərbaycanın işğal altındakı ərazilərində xidmətə həvəsləndirəcəyini, habelə neqativ proseslərin qarşısını alacağını düşünmüşdü. Bu gün qiyamçı əsgərlərin cəza tədbiri kimi Dağlıq Qarabağa göndərilməsi Paşinyanın öz oğlunun üzərində qurduğu aldadıcı oyun ssenarilərinin alt-üst olduğunu göstərir və bir daha təsdiqləyir ki, erməni gənclər Azərbaycanın işğal edilmiş ərazilərində qətiyyən könüllü xidmət etmək istəmirlər".

A.Quliyev vurğulayıb ki, cəzalandırılmış əsgərlərin Dağlıq Qarabağa göndərilməsi və burada hərbi xidmətə məcbur edilməsi Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətinin sonadək ifşa olunduğunun bariz göstəricisidir: "Bu gün erməni ordusu içərisində dövlətin təcavüzkar siyasəti əleyhinə etirazların üzə çıxması və güclənməsi Azərbaycan dövlətinin hərtərəfli siyasətinin böyük nəticəsi kimi də nəzərdən keçirilə bilər".

Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Ermənistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti