...

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir

Nəzər nöqtəsi Materials 20 Noyabr 2019 15:36 (UTC +04:00)
Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır.
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən müstəqillik tariximizin bələdçisi olan, bu gün nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır.

Hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyduğundan bu gün yaradılmasının 27 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının da zəngin və şərəfli yolu, 750 minə yaxın üzvü sıralarında birləşdirməklə Azərbaycan reallıqlarının, Heydər Əliyev ideyalarının təbliğinə geniş imkanlar açılması təhlil olunmaqda, böyük gələcəyi olan təşkilat kimi dəyərləndirilməkdədir. Orta və yaşlı nəsil baş verən hadisələrin bələdçisi kimi, gənc nəsil isə müstəqillik tariximizi eşitdiklərinə, oxuduqlarına istinadən təhlil edir və bu fikir böyük fəxr hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılması həmin dövrün tələbi, ortaya çıxan zərurət, bu günümüz üçün möhkəm təməl idi.

Müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı dövrü kimi xarakterizə olunur. Xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti ölkəmizin bugünkü inkişafı üçün möhkəm təməl oldu. Belə ki, həmin müraciətdə bir daha qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: «Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.» Həmin müraciətdə bu əminlik də ifadə edilmişdir ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ulu öndər Heydər Əliyevin «91-lər»in müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda» çavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur» söyləyən ulu öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər.

İstər müraciətə, istərsə də Ümummilli Liderin cavabına diqqət yetirsək, Azərbaycanın müstəqilliyinin bir sərvət olduğu və onun qorunması üçün bütün qüvvə və bacarıqların birləşdirilməsinin vacibliyi öz əksini tapır. Təsadüfi deyil ki, bu gün xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası öz adında bütün istəkləri, arzuları birləşdirir. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları sayəsində öz müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Ulu öndər Heydər Əliyevin yeni yaradılacaq partiya üçün «Yeni Azərbaycan» adını məqsədəuygun bilməsi bu səbəbdən təsadüfi deyildi. Xatırlasaq, partiyanın seçkilərdə ilk şüarı «Yeni Azərbaycan uğrunda» olub. İlk gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərən Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, xalqa, dövlətə müxalifətdə deyildi, milli maraqlarımız, dövlətçiliyimiz ubrunda tutduğu siyasi xəttin əsasını təşkil edirdi. Təbii ki, sözlə əməl birliyi, tutduğu yola sadiqlik partiyaya milyonların sevgisini qazandırdı.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir səhifə açdı

Yeni Azərbaycan Partiyası yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Ümummilli Lider uğurlu daxili və xarici siyasəti ilə ölkədə sabitlik yaratdı. Bu reallıq bir daha diqqətə çatdırıldı ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramların icrasından danışmaq qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. Məhz həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. Bu gün fəxrlə qeyd etdiyimiz uğurlarımızdan biri budur ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin qaz ixracatçısıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycan regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına bu gün biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkənin hərtərəfli inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar oldu. Belə ki, 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasında ən möhkəm baza rolunu oynayır. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixin səhifələrini vərəqləyərək, zamanın yaddaşına söykənərək bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, bu gün sırasında 750 minə yaxın üzvü birləşdirən, gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün sahələrdə, o cümlədən demokratik inkişaf sahəsində əldə etdiyi uğurlarda böyük rolu vardır. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: «O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır."

1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə öz təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının zaman-zaman sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, uğurlar partiyası kimi nüfuz qazanması sözsüz ki, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inamın göstəricisidir. Heydər Əliyev ideyaları Azərbacanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Bu ideyalar Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının təbliğinə, həyata keçirilməsinə öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdim: “ Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik.»

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi daxil olub. Həmin illərdə qoyulan möhkəm təməl bu gün Azərbaycanın daha böyük zirvələri fəth etməsini şərtləndirir. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi istiqamətində göstərdiyi səylərin və əldə etdiyi uğurların nəticəsidir ki, hazırda ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur, ən əsası onun iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Son 16 il: Yeniləşmə, təkmilləşmə dövrü

Qeyd etdiyimiz kimi, Yeni Azxərbaycan Partiyası artıq 27 ili arxada qoyur. 27 il zaman baxımından qısa görünsə də, dəyərləndirmə baxımından çox zəngindir. Son 16 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası inkişaf edir, təkmilləşir, yeniləşir.

Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində ölkəmizin bu günü üçün gördüyü işlərə qısa nəzər salınaraq bildirilirdi: «Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.»

Dövlətimizin başçısı İlham Əliyevin son 16 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, «neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürdü. Bu günümüzün reallıqları bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Təbii ki, enerji sektorunda da uğurlarımız davamlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, «Yeni əsrin müqaviləsi»nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir.

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi qorunmalıdır. Demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, Azərbaycanın hərtərəfli inkişafı üçün əsas olduğunu önə çəkən ölkə Prezidentinin insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin normal fəaliyyəti, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Bu gün Azərbaycan ən islahatçı, demokratiya təcrübəsi nümunə olan ölkə, Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır.

İdarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir

Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması, vitse-prezidentlik institutunun yaradılması kimi məsələlər əsas yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat mərasimində bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.” Azərbaycanın Birinci vitse-prezidenti bu əminliyi də ifadə etmişdir ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.” Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. 2017-ci ildən ötən dövr ərzində Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi gördüyü işlərin miqyası olduqca genişdir və onlar ümumilikdə Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, əhalinin sosial rifahının yüksəlməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, Azərbaycan mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu il ölkəmizin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

Cari ilin ilk ayından dövlətimizin başçısı İlham Əliyevin idarəetmə sistemində təkmilləşməyə xidmət edən Fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin həyata keçirdiyi gəncləşmə siyasəti təqdir edilir. Gənclər ölkəsi olan ölkəmizdə onların potensial imkanlarından səmərəli istifadə olunması, idarəçilikdə irəli çəkilmələri bütün dövrlərdə öz aktuallığını qoruyub. Bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının təmsilçilərinin 40 faizini gənclər təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Belə ki, Yeni Azərbaycan Partiyası son parlament və bələdiyyə seçkilərində zəngin seçki təcrübəsinə əsaslanaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırıb.

Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, müasir dünyagörüşə, zəngin biliyə, savada malik olan gənclərə böyük ehtiyacın olduğu qaçılmazdır. Bu gün bu uğurumuzu da böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan kosmik klubun üzvüdür. Ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

Qələbələr partiyası yeni hədəflərə doğru

Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası tarixə qələbələr partiyası kimi də yazılıb. Ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanan Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür. Təkcə Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni əlavə edən 11 aprel 2018-ci il prezident seçkilərini yada salmaq kifayətdir. Cənab İlham Əliyevin son 16 ildə gördüyü işlər, hər vədini konkret əməli işdə təsdiqləməsi onun 2008, 2013 və 2018-ci prezident seçkilərində qələbəsini təmin etməsini şərtəndirib. 11 aprel 2018-ci il prezident seçkilərində seçicilərin 74 faizdən çox səsini qazanaraq növbəti 7 il üçün ölkəmizə rəhbərliyini təmin edən dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

2018-ci il prezident seçkilərindən ötən bir ildən artıq dövrdə Azərbaycanın iqtisadi, siyasi, humanitar, xarici siyasət sahəsində qazandığı uğurlar göz önündədir. Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin bu günlərdə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj olmaqla yanaşı, Azərbaycanın böyük diplomatik uğuru kimi dəyərləndirildi. «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı dövlətimizin dəyişməz mövqeyinin bir daha dünyaya təqdimatı oldu. Bu kimi önəmli tədbirlərin davamı olaraq Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi və bütün türk dünyasına birlik, həmrəylik mesajının Azərbaycandan ünvanlanması ölkəmizin regionda və dünyada artan nüfuzuna bir daha işıq saldı.

Bu gün Azərbaycan dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi multikulturalizmin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə hesablanmış inkişaf strategiyası Azərbaycana daha böyük uğurlar qazandıracaq.

Ölkəmiz bu il növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Hər bir seçki prosesindən uğurla çıxan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağı şəksizdir. Seçki kampaniyasının hər bir mərhələsini demokratik prinsiplərin, seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirən Yeni Azərbaycan Partiyasının hər bir üzvü xüsusi fəallıq nümayiş etdirir, “Xalqa xidmət” devizi altında seçki kampaniyasını uğurla başa çatdıracaqlarına əmindirlər. Bu əminliyə əsas verən partiyanın zəngin seçki təcrübəsi, ən əsası ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi siyasətin nəticəsində əldə olunan uğurlardır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da ölkəmizə davamlı uğurlar qazandıracaq. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.»

Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 27 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. 27 illik yolu dövlətimizin başçısı İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr olunan təntənəli yubiley mərasimində söylədiyi bu fikirlərlə ümumiləşdirmək istərdim: « Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»

Siyavuş Novruzov,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti