Livanın nüfuzlu qəbilələrindən birinin - druz icmasının lideri Valid Canbulat İranın Press TV telekanalına müsahibəsində Livan ordusunun "İsrailin mümkün hücumlarından müdafiə məqsədi ilə" İrandan silah almasının vacib olduğunu bildirib.
Canbulat İsrailin Livana mümkün hücumu barədə xəbərdarlıq edib və deyib ki, İsrail məmurları nə vaxtsa Livana qayıdacaqları barədə əvvəlcədən bildiriblər.
Livan ordusunun ABŞ-ın tədarükləri ilə silahlanmasına baxmayaraq, Birləşmiş Ştatlar administrasiyası Beyruta İsrail üçün təhlükə yarada bilən silah tədarükündən imtina edir.
"İndiyə kimi biz yalnız ABŞ-dan və ərəb ölkələrindən silah əldə etmişik", - o bildirib.
"Lakin Livanın tank əleyhinə silahlara və zenit artilleriyasına ehtiyacı var və bu silahlar İran, Rusiya və Çindən alına bilər", - mütərəqqi sosialist partiyasının lideri Canbulat bildirib.
"ABŞ bu silahları bizə tədarük etməkdən imtina edir və bunu silahların İsrail əleyhinə istifadə olunacağı ilə əsaslandırır. Mənim düşmənim İsraildir", - Canbulat bildirib.
"14 mart" qərbyönlü koalisiyanı dəstəkləyən, lakin ona daxil olmayan Canbulat Səudiyyə Ərəbistanını və Misiri İran ilə "İsrailin hər hansı bir hücumunun qarşısını ala biləcək" dialoqa çağırıb.
Livanda sonuncu hərbi münaqişə 2006-cı ildə İsrail ilə ölkənin cənub hissəsinə və sərhəd kəndlərinin əksəriyyətinə nəzarət edən İranyönlü "Hizbullah" partiyası arasında baş verib.