...

Türkiyə İran ilə Qərb arasında məqbul vasitəçidir

Dünya xəbərləri Materials 15 Sentyabr 2009 16:38 (UTC +04:00)
İran Qərbə təqdim etdiyi təkliflər paketində nüvə proqramının müzakirə predmeti olmayacağını bildirsə də, Türkiyə rəsmi Tehran və BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri arasında vasitəçilik potensialına malikdir.
Türkiyə İran ilə Qərb arasında məqbul vasitəçidir

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir D.Xatınoğlu /

İran Qərbə təqdim etdiyi təkliflər paketində nüvə proqramının müzakirə predmeti olmayacağını bildirsə də, Türkiyə rəsmi Tehran və BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri arasında vasitəçilik potensialına malikdir.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana sentyabrın 15-də bildirib ki, İran və 5+1 ölkələri (BMT TŞ-nin beş daimi üzvü + Almaniya) arasında müzakirələr davam etdiriləcək və çox ehtimal ki, növbəti müzakirələr Türkiyədə keçiriləcək. Fransa informasiya agentliyinin məlumatına əsasən, Solana müzakirələrin oktyabrın 1-də başlanacağını bildirib.

İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi Səid Yari belə hesab edir ki, Türkiyənin beynəlxalq ictimaiyyətdə və dövlətlərarası yaxşı imici var və buna görə də vasitəçilik potensialına malikdir.

"İran Türkiyənin vasitəçiliyinə hələlik heç bir reaksiya göstərməyib. Solananın bəyanatından başqa, iki gün bundan əvvəl Türkiyənin xarici işlər naziri Tehrana səfərində də rəsmi Ankaranın İran ilə Qərb arasında vasitəçiliyə hazır olduğunu bildirmişdi", - Yari telefonla Tehrandan bildirib.

Trend -un arayışı: Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana qərb dövlətləri olan "altılıq" ilə İranın nüvə proqramının müzakirəsi üçün danışıqların oktyabr ayının 1-də Türkiyədə baş tutacağını bildirib.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvi və Almaniya ("5+1" ölkələri) indiyədək İrana iki dəfə təkliflər paketi təqdim edib. İran da öz növbəsində qarşı tərəfə iki təklif paketi təqdim edib. Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. Obama "5+1" ölkələri ilə müzakirələrə başlamaq və nüvə proqramını şəffaflaşdırmaq üçün İrana sentyabr ayının sonunadək fürsət verib və əks təqdirdə, İrana qarşı yeni iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı bildirilib. BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün ona qarşı 5 qətnamə qəbul edib.

Yari belə düşünür ki, tarixən tərəflər arasında fikir ayılığı olan zaman başqa bir ölkə vasitəçilik edib və müəyyən nəticələr əldə olunub. Lakin İran "5+1" ölkələrinə təqdim etdiyi təkliflər paketində nüvə proqramının müzakirə predmeti olmayacağını rəsmən elan edib.

"Çox ehtimal ki, birinci dövr müzakirələr keçmişdəki kimi BMT-də keçirilsin, müzakirələrin davamının Türkiyədə keçirilməsi isə istisna deyil. Çünki İran və Qərb Türkiyənin tərəfsiz olduğunu qəbul edirlər", - İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi çərşənbə axşamı bildirib.

Nüvə proqramı ilə bağlı müzakirələrə gəldikdə isə, Yari belə düşünür ki, bu məsələnin vasitəçiliklə həll olunma ehtimalı yoxdur. Qərb İranın təkliflər paketini nəzərdən keçirib və bu çərçivədə müzakirələri davam etdirsə, bir çox problemlər həll oluna bilər.

İranın xairici işlər naziri Mənuçöhr Möttəki keçən həftə İranın "5+1" ölkələrinə təkliflər paketini təqdim etməsini bildirib. Paketdə qeyd olunan bəndlərə İranın nüvə proqramı daxil deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti