Türkiyədə müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal 11 nəfərdən ibarət azərbaycanlı millət vəkilləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara-Yerevan protokolunu türk xalqı yox, hakimiyyət imzalayıb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Müxalifət lideri onu da bildirib ki, Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir və Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.
Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.