...

İranın uran mübadiləsinin müqəddəratı mübahisəli şərtlərə görə naməlum qalır

Dünya xəbərləri Materials 27 May 2010 09:00 (UTC +04:00)
İranın Türkiyə və Braziliya ilə birlikdə uran mübadiləsi ilə bağlı imzaladığı sazişin müqəddəratı, təzadlı şərait, mübahisəli şərtlər və mürəkkəb vəziyyətinə görə naməlum qalır. Ekspertlərin fikrincə, hazırda Qərb və İranın prioritetləri, maraqları və mövqeləri ziddiyyət təşkil edir.
İranın uran mübadiləsinin müqəddəratı mübahisəli şərtlərə görə naməlum qalır

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir D.Xatınoğlu/

İranın Türkiyə və Braziliya ilə birlikdə uran mübadiləsi ilə bağlı imzaladığı sazişin müqəddəratı, təzadlı şərait, mübahisəli şərtlər və mürəkkəb vəziyyətinə görə naməlum qalır. Ekspertlərin fikrincə, hazırda Qərb və İranın prioritetləri, maraqları və mövqeləri ziddiyyət təşkil edir.

İran 2009-cu ilin oktyabrında Vyanada 1 200 kq zəif zənginləşdirilmiş uranı ölkə ərazisindən çıxarıb, əvəzinə Tehranda yerləşən Əmirabad nüvə laboratoriyasını yanacaqla təmin etmək üçün Qərbdən 120 kq uran boruları istəmişdi. İran o zaman bunu istəsə də, sonradan imtina etdi. Nəhayət, bu ilin mayın 17-də İran bu mübadiləyə razılıq bildirsə də, Qərb bu təklifi soyuqluqla qarşılayıb, İİR-ə qarşı yeni sanksiyaların tətbiqi üçün müzakirələri davam etdirdi. Mayın 25-də ABŞ-ın dövlət katibi Hillari Klinton İranın uran mübadiləsi ilə bağlı sazişini "fırıldaq" adlandırdı.

Avropa Təhlükəsizlik Məsələlərini Araşdırma İnstitutunun (Research Fellow at EU Institute for Security Studies) üzvu Jin Paskal Zanders (Jean Pascal Zanders) Fransadan telefonla Trend -a bildirib ki, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar və şübhələr olduğu kimi qalır. "Ortada bir neçə müzakirə mövzusu var; birincisi, uzun zamanlardan həllini tapmayan uranın zənginləşdirilməsi məsələsidir. Əsas problem budur ki, Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) İranın uranın zənginləşdirmə planının tamamilə sülhməramlı olmasını nə dəqiqləşdirir, nə də nəzarət edə bilir".

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının vitse-prezidenti İsmayıl Kosəri Trend -a telefonla Tehrandan bildirib Ki, İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasına (NPT) üzvdür və bu müqavilə çərçivəsində fəaliyyət göstərir. "Tehran bəyannaməsində İranın 1 200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə hansı şəraitdə göndərməsi və 20 faizlik uran yanacağının hansı şəraitdə təhvil verilməsi qeyd olunub və İran NPT müqaviləsi çərçivəsində hər bir məsələ ilə bağlı razılıq verib, imza edərsə, ona 100 faiz əməl edəcək".

Lakin Zandersinin fikrincə, Qərb üçün birinci prioritet uran mübadiləsi deyil və İranın bu haqda vədləri və zəmanətləri Qərbi maraqlandırmır.

BAEA məruzələrində dəfələrlə İranın bu agentliyin müfəttişləri ilə əməkdaşlıq etməməsini iddia edib.

Zandersin fikrincə, Qərbin narahatlığına əsas səbəblərdən biri isə İranın zəif dərəcədə zənginləşdirilmiş (3.5%) uran ehtiyatıdır.

İran birinci dəfə 2009-cu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya, ABŞ, Fransa və həmçinin, BAEA ilə razılığa gəlmişdi ki, 1 200 kq zəif zənginləşdirilmiş uranı xaricə göndərib, əvəzinə 120 kq uran borusu alsın. Zandersin fikrincə, 2009-cu ildə İran uran mübadiləsi Qərb üçün, bir növ, bu ölkənin nüvə silahından uzaqlaşdırılmasında uğurlu addım ola bilərdi; hansı ki hazırda şərait dəyişilib.

Oktyabr ayında 1 200 kq uran İranın uran ehtiyatının 75-80 faizini təşkil edirdi, lakin indi 50 faizini təşkil edir. İran bu müddətdə 3,5 faizlik uran ehtiyatını 1 500 kq-dan 2 200 kq-a çatdırıb.

Texniki problemlərə göz yummaq şərti ilə, potensial olaraq, İran istədiyi təqdirdə, 2 200 kq uranı 90 faizədək zənginləşdirib, 2-3 nüvə başlığı istehsal edə bilər. Hər nüvə başlığı üçün 25-50 kq 90 faizlik uran lazimdir.

Beynəlxalq Münasibətlər Üzrə Qlobal Tədqiqat Mərkəzinin ( Global Research in International Affairs (GLORIA) Center) rəhbəri Bari Rabinin (professor Barry Rubin) fikrincə, Brazilya - Türkiyənin İranla uran mübadiləsi üzrə planı müzakirə mövzusu deyil. Rabin elektron poçt vasitəsilə Trend -a bildirib ki, uran mübadiləsi ilə bağlı saziş BMT TŞ-nin daimi üzvlərinin hamısı tərəfindən rədd olunub və hazırda rəsmi Tehrana qarşı yeni sanksiyaların tətbiqi müzakirə edilir.

BMT TŞ-nin daimi üzvləri İranın uran mübadiləsi ilə bağlı razılığını müsbət addım adlandırsalar da, "tamamilə qaneedici" hesab etmirlər. BMT Baş katibi Pan Ki Mun mayın 25-də bildirib ki, İran daha çox nüvə proqramında şəffaflıq göstərib, BAEA ilə əməkdaşlıq etməlidir.

İran - Amerika Şurasının (Iranian-American Councle) rəhbəri Huşəng Əmir Əhmədi (houshang Amir Ahmadi) Qərbin İranın nüvə mübadiləsi ilə bağlı sazişinə soyuq yanaşmasını tənqid edərək, Trend -a bildirib ki, İranın bu addımı Qərb üçün böyük bir fürsətdir və İranın nüvə proqramı ilə bağlı müzakirələrə ciddi başlanğıc ola bilər.

Əmir Əhmədi çərşənbə günü telefonla Vaşinqtondan bildirib ki, İrana qarşı yeni sanksiyaların müzakirəsi davam edərsə, yaxud BMT TŞ İrana qarşı yeni sanksiyalar qəbul etsə, rəsmi Tehran nə uran mübadiləsini həyata keçirməyə razı olacaq, nə də həyata keçirmək iqtidarında olacaq. Bu problemin ən real həlli budur ki, BMT TŞ İrana qarşı sanksiyaları bir müddət dondursun və İran da qarşılıqlı olaraq, uranzənginləşdirmə planını müvəqqəti dayandırsın. Bu fürsətdə uran mübadiləsi ilə bərabər, rəsmi Tehran nüvə proqramına şəffaflıq gətirsin.

Hakim koalisiyadan olan Parlament nümayəndəsi Kosəri Trend -a müsahibəsində xəbərdarlıq edib ki, Qərb İrana qarşı sərt mövqeyini davam etdirsə, "1 qram da uranın ölkədən çıxarılmasına imkan verilməyəcək". Onun sözlərinə görə, İrana qarşı yeni sanksiyaların müzakirəsi dayandırılmalıdır.

Zandersinin fikrinə gəldikdə, o hesab edir ki, İran uran mübadiləsinə razılıq bildirdiyi bir vaxtda, yenə də uranı 20 faizədək zənginləşdirməyə davam etdirməsi şübhəli addımdır.

2010-cu ilin əvvəlindən etibarən İran Əmirabad nüvə laboratoriyasının yanacağının daxildə təmini üçün uranı 20 faiz zənginləşdirməyə başlayıb. Hazırda 5 kq-dan çox İranın 20 faiz zənginləşdirilmiş uran qazı (UF6) var. Qərb iddia edir ki, İranın uran qazından laboratoriyada istifadə qabiliyyəti olan yanacaq boruları istehsaletmə texnologiyası yoxdur. İran hələ də uranı 20 faizədək zənginləşdirməni davam etdirir.

Əmir Əhmədinin fikrincə, Qərb İranın nüvə proqramı ilə bağlı mövqeyini düzgün başa düşməlidir və "əsəbi şəkildə" qərar verməməlidir. Onun sözlərinə görə, 2009-cu ilin oktyabr ayında İran Prezidenti Mahmud Əhmədinejad administrasiyası arasında və ölkə daxilində prezident seçkiləri ilə bağlı böhran yaşanmışdı və Əhmədinejad uran mübadiləsi ilə bağlı konkret qərar vermək iqtidarında deyildi. "Qərb başa düşməlidir ki, İran hazırda sanksiyalardan qurtulmaq və ölkə iqtisadiyyatını bataqlıqdan çıxarmaq üçün güzəştə getmək qərarındadır və bu fürsətdən sanksiyaların şiddətləndirilməsi ilə deyil, müzakirələrlə istifadə etməlidir. Yoxsa sanksiyalar heç vaxt İranın nüvə proqramını dayandırmayacaq və diplomatik körpüləri də uçuracaq" ,- deyə Əmir Əhmədi hesab edir.

Qərb İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhəlidir; hansı ki İran qətiyyətlə bunu rədd edir. 2006-cı ildən etibarən BMT TŞ İrana qarşı 5 qətnamə çərçivəsində 3 iqtisadi sanksiya tətbiq edib. Hazırda 4-cü dövr sanksiyaların tətbiqi müzakirə olunur.

Məqalənin hazırlanmasında T.Konyayeva və T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti