...

ABŞ İraqda İranın maraqlarına cavab verən hökumət formalaşdırmağa səy göstərir – "İraq siyahısı" koalisiyasının lideri

Dünya xəbərləri Materials 24 Avqust 2010 16:15 (UTC +04:00)
ABŞ İraqda İranın maraqlarına cavab verən hökumət formalaşdırmağa səy göstərir. İraqda parlament seçkilərində qalib gələn "İraq siyahısı" koalisiyasının lideri İyyad Ələvi belə hesab edir.
ABŞ İraqda İranın maraqlarına cavab verən hökumət formalaşdırmağa səy göstərir – "İraq siyahısı" koalisiyasının lideri

ABŞ İraqda İranın maraqlarına cavab verən hökumət formalaşdırmağa səy göstərir. İraqda parlament seçkilərində qalib gələn "İraq siyahısı" koalisiyasının lideri İyyad Ələvi belə hesab edir. Xəbəri "əl-Ərəbiyyə" ərəb telekanalının saytı yayıb.

"ABŞ hökumətin (İraq) İranın maraqlarına cavab verməsini istəyir, - Ələvi bildirib. - Bununla onlar ola bilsin ki, İraqdan qoşunlar çıxarıldıqdan sonra yeni problemlərdən yayınmağa səy göstərirlər".

Bundan əvvəl İraqın keçmiş Baş naziri Ələvinin "əl-İraqiyyə" siyasi bloku dövlət rəhbəri Nuri əl-Malikinin başçılıq etdiyi "Qanun dövləti" şiə bloku ilə koalisiyalı hökumətin yaradılması üzrə danışıqlar prosesindən çıxmışdı.

İraqda mart ayında keçirilmiş parlament seçkilərində əsasən sünnilərin dəstəklədiyi "əl-İraqiyyə" bloku qalib gəlib. O, parlamentdə 91 yer qazanıb. Əl-Malikinin şiə bloku martın 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə 89 yer qazanıb. Üçüncü yeri 70 yerlə İraq Milli Alyansı (İMA) tutub.

Ölkə tarixində ilk dəfə koalisiyalı olacaq İraq hökumətinin yaradılması üzrə danışıqlar prosesi ABŞ qoşunlarının İraqdan çıxarılması fonunda keçirilir.

ABŞ Prezidenti Barak Obamanın planına əsasən, avqustun sonunadək qoşunların döyüş tapşırıqları başa çatacaq, bütün döyüş hissələri ölkədən çıxarılacaq. Qalacaq təxminən 50 min amerikalı hərbçi İraq əsgərlərinə təlim keçəcək, sonradan isə 2011-ci ilin sonunadək ölkəni tərk edəcəklər.

"Mən həmişə Amerika rəhbərliyi ilə əlaqə saxlayıram və görürəm ki, bizm ABŞ ilə mövqelərimiz ayrılır, - Ələvi qeyd edib. - Hər halda müəyyən qədər demək olar ki, ABŞ siyasəti təkcə İraqda deyil, eləcə də bütün regionda ardıcıl deyil. Bunun nəticələrini biz Fələstində, Livanda, Sudanda, Əfqanıstanda, Pakistanda və əlbəttə ki, İraqda müşahidə edirik".

Ələvi İraqda ABŞ qoşunları çıxarıldıqdan sonra özəl müəssisələrə təhlükəsizliyin təmin edilməsi funksiyasının verilməsinin mümkünlüyü ilə bağlı ciddi narahat olduğunu bildirib.

"Hüquq-mühafizə orqanları indiyədək İraqı həm xarici, həm də daxili təhlükədən qoruya bilməyiblər. Bununla əlqədar olaraq, ölkə hökuməti və ABŞ özəl şirkətlərə müraciət etməyə məcburdurlar, - o deyib. - İraqdakı vəziyyəti, xalqın və cəmiyyətin vəziyyətini bununla yaxşılaşdırmaq olmaz".

Ələvinin sözlərinə görə, dövlət strukturlarını, məhkəmə orqanlarını möhkəmləndirmək lazımdır, onlara çox mühüm rol verilməlidir.

"Milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir İraq vətəndaşının təhlükəsizliyi təmin olunmalıdır, - iraqlı siyasətçi bildirib. - Biz burada çoxlu işlənməmiş məsələləri görürük və bu, təhlükə doğurur".

İraqda zorakılığın səviyyəsi ümumilikdə son illər azalıb, lakin son aylar seçkilər tam qalibi müəyyənləşdirmədiyi üçün gərginlik yenidən artmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti