İran mürəkkəb "kibersoxulcan"ın ölkənin birinci AES-nin kompüter sisteminə zərər vurması ilə bağlı məlumatı təkzib edir. Bu barədə İran XİN nümayəndəsi Ramin Mehmanpərəst deyib, - xəbəri "Press-TV" yayıb.
"Belə məlumat İrana qarşı münasibətdə "yumşaq müharibənin və hiyləgər təbliğatın" bir hissəsidir", - Mehmanpərəst çərşənbə axşamı həftəlik mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, yeni "yumşaq müharibə" İslam Respublikasının dinc nüvə proqramına qarşı yönəlib.
"Buşəhrdəki AES öz fəaliyyətini müəyyən edilmiş qrafikə əsasən həyata keçirir", - Mehmanpərəst zavodun ölkənin elektrik şəbəkəsinə yaxın iki ay ərzində qoşulacağını əlavə edib.
Ötən həftənin sonlarında KİV aşkar olunan zərərverici proqramlar içərisində ən təhlükəli hesab olunan "Stuxnet" kompüter "soxulcanı"nın İranın sənaye, o cümlədən, nüvə obyektlərinə hücüm etməsi barədə məlumat yayıb.
Mürəkkəb virus idarəetmə obyektinin konkret şəbəkəsini tanıyır, sonra isə onu məhv edir.
Ekspertlərin fikirncə, "soxulcan" İran sənayesində, o cümlədən, İranın birinci atom-elektrik stansiyası Buşəhr AES-də istifadə olunan konkret proqram təminatı sisteminə hücum üçün ABŞ və ya İsrailin maliyyələşdirdiyi təşkilat tərəfindən yaradıla bilər.