...

Səid Cəlili: İranın "altılıq" ilə danışıqları müsbət məcrada keçib

Dünya xəbərləri Materials 27 Fevral 2013 13:33 (UTC +04:00)
İranın Almatıda "altılıq" ölkələri ilə nüvə proqramı üzrə danışıqları müsbət məcrada keçib.
Səid Cəlili: İranın "altılıq" ilə danışıqları müsbət məcrada keçib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Tariverdiyava/

İranın Almatıda "altılıq" ölkələri ilə nüvə proqramı üzrə danışıqları müsbət məcrada keçib. Trend-in çərşənbə günü Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili deyib.

Danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında çıxış edən Cəlili bildirib ki, vasitəçilərlə keçirilən danışıqlar bu prosesdə növbəti addımların atılmasına səbəb ola bilər.

Onun sözlərinə görə, İran "altılıq" ölkələri ilə növbəti danışıqları aprelin 5-6-da Almatıda keçirəcək.

"Moskvadakı müzakirələr zamanı İran danışıqların müəyyən prinsip və məqsədləri ilə bağlı kompleks plan irəli sürmüşdü", - Cəlili qeyd edib.

Onun sözlərinə görə, bu plan yenidən nəzərdən keçirilməli və əks tərəf cavab verməli idi.

"Dünən onlar bəzi təkliflər irəli sürdülər. Onların əvvəl irəli sürdükləri təkliflərlə müqayisədə indiki bəzi təkliflərin müddəaları reallığı daha çox əks etdirir, çünki qrup bəzi məqamlarda İranın mövqeyi ilə yaxınlaşmağa çalışıb ki, bu da müsbət əlamətdir", - o qeyd edib.

Cəlilinin sözlərinə görə, lakin İran dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirməyə davam edəcək.

"İran "Nüvə silahının yayılmaması haqqında" müqavilinin iştirakçısı kimi nüvə proqramını davam etdirəcək və proqram dinc xarakter daşıyır", - Cəlili deyib.

Bununla belə, Cəlilinin sözlərinə görə, İran Qərbin təkidlərinə baxmayaraq, Forduda nüvə obyektini bağlamağa hazırlaşmır, çünki obyekt Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəsi altında işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti