...

Məhəmmədrza Arif: İranda vəziyyətin bu həddə çatması idarəetmənin yalnız mühafizəkarların əlində olmasının nəticəsidir

Dünya xəbərləri Materials 30 May 2013 10:29 (UTC +04:00)
Ölkədə ötən səkkiz il ərzində vəziyyətin bu qədər kritik həddə çatmasının səbəbi idarəetmənin yalnız mühafizəkarların əlində olmasının nəticəsidir.
Məhəmmədrza Arif: İranda vəziyyətin bu həddə çatması idarəetmənin yalnız mühafizəkarların əlində olmasının nəticəsidir

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir T.Cəfərov/

Ölkədə ötən səkkiz il ərzində vəziyyətin bu qədər kritik həddə çatmasının səbəbi idarəetmənin yalnız mühafizəkarların əlində olmasının nəticəsidir. Bunu İranda müxalifət düşərgəsindən (islahatçılardan) prezidentliyə namizəd olan Məhəmmədrza Arif televiziyada ona ayrılmış vaxt ərzində çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi məlumat verir.

Arif hakimiyyətə gələrsə özündən öncəki prezidentlərə və yüksək vəzifəli şəxslərə, o cümlədən Mahmud Əhmədinejada, Məhəmməd Xatəmiyə, Mir Hüseyn Musəviyə və Əli Əkbər Haşimi Rəfsəncaniyə qarşı təhqirlərin qarşısını alacağını deyib.

Müxalifətçi namizəd ölkədə "təhlükəli vəziyyətin" yarandığını tənqid edib və deyib ki, "seçkilərdə namizəd olmağımın əsas səbibi budur ki, vətənimin bütövlüyü üçün və uğrunda inqilab etdiyim dəyərlərin itirilməsindən narahatam".

Arif deyib ki, prezident olarsa, İranda yaşayan bütün etnik qrupların və milli azlıqların hüquqlarının tam şəkildə qorunmasına şərait yaradacaq: "Prezident olaramsa, bunun üçün özümə etnik qruplar və milli azlıqlar üzrə müavin təyin edəcəyəm ki, onların problemləri ilə yaxından maraqlansın".

İranın keçmiş prezidenti və islahatçılar düşərgəsinin lideri Məhəmməd Xatəminin prezidentliyi dövründə birinci müavin vəzifəsində çalışmış Məhəmmədrza Arif son dörd il ərzində ilk dəfə olaraq islahatçılar düşərgəsindən çıxış üçün televiziyada ona yaradılmış şəraitə görə sevindiyini bildirib.

Arif əlavə edib ki, mühafizəkarlar yəqin bu nəticəyə gəliblər ki, islahatçılar olmadan ölkənin idarə edilməsi mümkin deyil.
O, ölkədəki inflyasiyanın səviyyəsini 10 faizdən aşağı salacağına söz verib və deyib ki, "prezident olaramsa, hər il bir milyon yeni iş yeri yaradacağam". "İranın iqtisadi inkişaf göstəricisini 8 faizə çatdıracağam. Xarici valyutanın məzənnəsini sabitləşdirəcək və ölkənin xilası üçün özəlləşdirmə işlərini sürətləndirəcəyəm".
Arif, həmçinin İrana xarici sərmayələrin həcmini artıracağına söz verib.

O deyib ki, İranın nüvə proqramı ilə bağlı yaranan vəziyyətin aradan qaldırılmasının siyasi yolları mövcuddur və bu məsələ siyasi yollarla da həll olunacaq.

Arif, həmçinin tənqid olunmağına qarşı dözümlülük göstərəcəyini bildirib. O qeyd edib ki, Ali Məsləhətçilər Şurası ilə yanaşı həm də Tənqidçilər Şurası yaradacaq: "Məni tənqid etmələri üçün onlara aylıq maaş verəcəyəm ki, ölkənin idarə edilməsini ən yaxşı səviyyədə həyata keçirim".

O, seçkilərdə sona kimi rəqabət aparacağını və heç bir kəsin xeyrinə geri çəkilməyəcəyini də qeyd edib.

İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək. Seçkilərdə mühafizəkarlar düşərgəsindən Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Tehran şəhərinin meri, sabiq polis rəisi Məhəmməd Baqir Qalibaf və Parlamentin sabiq spikeri Qulaməli Həddad Adil, islahatçılar düşərgəsindən isə sabiq president Məhəmməd Xatəminin birinci müavini Məhəmmədrza Arif, islahatçılara yaxınlığı ilə tanınan Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani və sabiq neft naziri Məhəmməd Qərəzi rəqabət aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti