...

İranda görkəmli dini xadimlər və prezidentliyə sabiq namizədlər seçkilərdə səs veriblər

Dünya xəbərləri Materials 14 İyun 2013 10:09 (UTC +04:00)
İranda prezidentliyə sabiq namizəd, islahatçı Məhəmməd Rza Arif və görkəmli dini xadim ayətullah Şirazi Makarem prezident seçkilərində səs veriblər.
İranda görkəmli dini xadimlər və prezidentliyə sabiq namizədlər seçkilərdə səs veriblər

İran, Tehran, 14 iyun /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İranda prezidentliyə sabiq namizəd, islahatçı Məhəmməd Rza Arif və görkəmli din xadimi ayətullah Şirazi Makarem prezident seçkilərində səs veriblər. Bu barədə cümə günü Tehrandan Trend-in xüsusi müxbiri məlumat verir.

Qeyd edək ki, Məhəmməd Rza Arif seçki yarışında digər namizəd Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürüb.

Seçkilərdə, həmçinin Məqsədəuyğunluq Şurasının üzvü Əli Əkbər Natiq Nuri səs verib. O, ölkənin Ali liderinin müşaviridir.

İranın keçmiş prezidenti ayətullah Əli Əkbər Haşemi Rəfsəncani prezident seçkilərində səs verib.

Rəfsəncani prezidentliyə namizədlərdən biri olub. Lakin İran Keşikçilər Şurası onun namizədliyini rədd edib.

Bundan başqa, prezidentliyə digər namizəd Məhəmməd Qərəzi də səs verib.

Daha əvvəl İranın Ali lideri ayətullah Əli Xamneyi səs vermişdi və insanları seçkilərdə fəal iştirak etməyə çağırmışdı.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indiki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.

İran Prezidenti 4 il müddətinə seçilir.

İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti