Azərbaycan, Bakı, 19 fevral /Trend/
Ukrayna Prezidenti Viktor Yanukoviç fevralın 20-ni ölkədə baş vermiş qarşıdurmalarda həlak olanların xatirəsinə matəm günü elan edib. Bu barədə müvafiq fərman çərşənbə günü Prezidentin saytında yerləşdirilib.
Fərmana əsasən, matəm günü ölkənin bütün ərazisində dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər, idman yarışları ləğv ediləcək, televiziya və radio verilişlərini proqramlarında dəyişiklik ediləcək.
Bu arada Avropa Komissiyası quruma üzv olan ölkələr tərəfindən Ukraynada törədilən zorakılığın günahkarlarına və gücdən həddən artıq istifadə edənlərə qarşı sanksiyaların tətbiqinin təsdiqlənəcəyini gözləyir. Bu barədə AK-nin rəhbəri Joze Manuel Barrozunun kommunikesində deyilir.
Sənəddə bildirilir: "Biz açıq şəkildə bəyan etmişdik ki, Aİ vəziyyətin hər hansı pisləşməsinə reaksiya verəcək. Ona görə də biz gözləyirik ki, üzv ölkələr ali nümayəndənin [Ketrin Eşton] təklifi üzrə təcili surətdə zorakılığa və həddən artıq güc tətbiqinə görə məsuliyyət daşıyanlara qarşı dəqiq tədbirlər həyata keçirməyə razılıq verəcəklər".
Bu arada Rusiya KİV-i Ukrayna Təhlükəsizlik Xidmətinin saytına istinadən xəbər verir ki, TX tərəfindən ayrı-ayrı siyasətçilər tərəfindən dövlət hakimiyyətinin ələ keçirilməsi ilə bağlı qanunsuz fəaliyyət üzrə ilkin təhqiqatlara başlanacaq.
Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitutsiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 351 nəfərin yaralanıb, 25 nəfər isə həlak olub.