Yeni məlumatlar əlavə olunub (İlk xəbər saat 10:09-da yayılıb)
Azərbaycan, Bakı, 20 fevral /Trend/
Rəsmi məlumata görə, Kiyevin mərkəzində radikallarla asayiş keşikçiləri arasında baş verən toqquşmalarda həlak olanların sayı 35 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Ölənlərdən 12-si polis əməkdaşıdır.
Qarşıdurma zamanı xəsarət alanların sayı 500 nəfəri ötüb.
Bundan əvvəl iğtişaşlarda 28 nəfərin həlak olduğu xəbər verilmişdi.
Öncə Ukrayna televiziyası isə Kiyevin mərkəzindəki toqquşmalarda daha 7 nəfərin öldüyünü xəbər verib.
O da bildirilir ki, Kiyevdəki qarşıdurmalardan sonra 505 nəfər tibb işçilərinə müraciət etməli olub: "Fevralın 18-i saat 10:20-dən fevralın 20-si səhər saat 6:00-a olan vəziyyətə görə, Kiyev şəhərində təcili tibbi yardım briqadalarına və səhiyyə müəssisələrinə 505 nəfər müraciət edib ki, onlardan 300-ü xəstəxanaya yerləşdirilib".
Onların arasında 100-dən artıq asayiş keşikçisi, altı jurnalist, dörd uşaq və iki əcnəbi var. Onlardan biri Rusiya vətəndaşıdır.
Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 800-ə yaxın adam zərər çəkib.