Azərbaycan, Bakı, 16 mart /Trend/
Yabruda daxil olan Suriya ordusu döyüşlərlə şəhərin mərkəzinə doğru irəliləyir, "Əl- Məyədin" telekanalı xəbər verir. Ötən gün onlar bələdiyyə binası yerləşən meydana yaxınlaşıblar. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
"Düşmən şiddətli müqavimət göstərir. Bundan başqa, şəhərdə dinc sakinlər qalıb, bu da ordunun hərəkətlərini məhdudlaşdırır", - əməliyyata rəhbərlik edən zabit bildirib.
Bununla belə, onun sözlərinə görə, hərbçilər Yabrud şəhərinin mərkəzi hissəsinə doğru bir neçə yüz metr irəliləyiblər. Yaraqlılar Mar-Maron dağının cənub yüksəkliklərindən vurub çıxarılıblar, onların sığınacaq kimi istifadə edilən yeraltı tunel aşkar edilib və ləğv olunub.
"İslam cəbhəsi"nə daxil olan "Əhrar əş-Şam" briqadasının qiyamçıları Yabrud şəhərini tərk ediblər, qonşu Rankus şəhərinə geri çəkiliblər.