Azərbaycan, Bakı, 16 aprel /Trend/
Ukraynanın Donetsk şəhərində üzlərinə maska taxmış bir qrup silahlı şəxs tərəfindən şəhər şurasının binası ələ keçirilib. Bina çərşənbə günü səhər şəhərin meri Aleksandr Lukyançenkonun ATƏT missiyasının nümayəndələri ilə görüşündən sonra zəbt edilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Ukrayna" xəbər yayıb.
Zəbtetmə zamanı atəş açılmayıb. Adamlar sadəcə müqavimətsiz binaya daxil olublar. Onlar şəhər şurasında olanların hamısını binanı tərk etməyə çağırıblar.
Вu arada Donetskin "OstroV" portalının şuranın əməkdaşına istinadən yazdığına görə, silahlılar bəyan ediblər ki, binanın əməkdaşları üçün təhlükə kəsb etmirlər və hamını iş yerlərində qalmağa dəvət ediblər. Hazırda onların tələblərini aydınlaşdırmaq və yaranmış vəziyyəti həll etmək üçün bu şəxslərlə danışıqlar aparılır.