...

Suriyada prezident seçkilərinə start verilib

Dünya xəbərləri Materials 3 İyun 2014 10:15 (UTC +04:00)
Suriyada prezident seçkilərinı start verilib. Ölkədə yerli vaxtla saat 7.00-da seçki məntəqələri açılıb.
Suriyada prezident seçkilərinə start verilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Suriyada prezident seçkilərinə start verilib. Ölkədə yerli vaxtla saat 7.00-da seçki məntəqələri açılıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Frans Press-ə istinadən xəbər yayıb.

Suriyanın ən yeni tarixində ilk dəfə olaraq prezident seçkilərində bir neçə namizəd iştirak edir. 2011-ci ilin martından silahlı münaqişənin davam etdiyi ölkənin rəhbəri postuna aralarında hazırkı Prezident Bəşər Əsədin də olduğu 3 namizəd iddialıdır. Namizədlərdən biri Dəməşq Universitetinin professoru Həsən Ən-Nuri, digəri isə parlamentin deputatı, mötədil müxalifətin nümayəndəsi Mahir Hacardır.

Namizədin ilk turda qalib gəlməsi üçün o, səslərin əksəriyyətini, yəni 50 faiz üstəgəl bir səs qazanmalıdır. Əgər namizədlərdən heç biri ilk turda qalib gəlməzlərsə, ikinci tur təyin edilir. Orada nisbətən daha çox səs toplamış iki namizəd iştirak edir.

Mart ayında Suriya parlamenti seçkilər haqqında yeni qanun qəbul edib. Həmin qanun ölkədə ilk dəfə olaraq seçkilərdə bir neçə namizədin iştirakına icazə verir. Buna qədər dövlət başçısı aşağıdakı qaydada seçilirdi: namizəd hakim partiyadan irəli sürülürdü, daha sonra onu parlament təsdiq edirdi, daha sonra isə bu iddiaçını təsdiqləmək üçün referendum keçirilirdi. Əsəd 2007-ci il mayın 27-də milli referendum nəticəsində prezident seçilib və seçicilərin 97,62 faizinin dəstəyini alıb.

200 mindən artıq suriyalı mayın 28-də Suriyanın xaricdəki 43 diplomatik nümayəndəliyində başlayan növbədənkənar seçkilərdə iştirak edib. Xaricdə seçkilərdə iştirak edənlərin sayı səfirliklərdə qeydiyyata alınanların sayının 95 faizini təşkil edir. Livanda səsvermə iki gün çəkib və gecə yarısınadək davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti