Bakı. Trend:
ABŞ administrasiyası İsrail qoşunlarının bir hissəsinin Livana köçürülməsindən sonra Yaxın Şərqdəki vəziyyətin genişmiqyaslı münaqişəyə çevrildiyini düşünmür.
Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqx deyib.
"Biz hələ də bunu daha böyük müharibə kimi qiymətləndirmirik", - deyə o brifinq zamanı bildirib.
Pentaqonun sözçüsü bildirib ki, İsrail Livandakı döyüşlər vasitəsilə 2023-cü il oktyabrın 8-də Livanın "Hizbullah" təşkilatı tərəfindən "hücumlar nəticəsində didərgin düşmüş vətəndaşlarını geri qaytara biləcək bir zona yaratmağa" çalışır.
"Ona görə də düşünürəm ki, vəziyyətə perspektivdən baxmaq vaxtıdır. Müharibənin, hesablamalarımıza görə, hələ də qarşısı alınır", - deyə o əlavə edib.