Bakı. Trend:
Çin alimləri genomu dəyişdirilmiş donuz böyrəyini makaka meymununa uğurla transplantasiya edərək növlərarası orqan köçürülməsi sahəsində mühüm irəliləyişə nail olublar.
Trend-in “Global Times”a istinadən verdiyi məlumata görə, transplantasiya edilən böyrək 184 gün ərzində makakanın orqanizmi tərəfindən qəbul edilib və tam normal fəaliyyət göstərib. Bu təcrübə Wuhan Huazhong Elm və Texnologiya Universitetinin Tongji Xəstəxanası mütəxəssisləri tərəfindən həyata keçirilib.
Alimlər bildiriblər ki, beş ay ərzində transplantasiya edilmiş böyrək makakanın fizioloji göstəricilərini normal səviyyədə saxlayıb. Bu, Çində növlərarası transplantasiya sahəsində sıçrayış hesab edilir.
Dünya üzrə donuz böyrəyinin meymunlara uzunmüddətli transplantasiyası cəmi 20-dən az halda qeydə alınıb. ABŞ isə uremiya və digər böyrək xəstəliklərindən əziyyət çəkən xəstələr üçün donuz böyrəyinin klinik sınaqlarına öncülük edir.
Bundan əvvəl, mart ayında, çinli alimlər genetik dəyişdirilmiş donuz qaraciyərini beyin ölümü keçirmiş bir şəxsə transplantasiya edərək, qaraciyər çatışmazlığı olan xəstələrin müalicəsində yeni üsulları sınaqdan keçirmişdilər.