Bakı. Trend:
İranda hicabla əlaqədar təsdiqlənən, lakin icra üçün hələlik elan olunmayan yeni qanunda “əxlaq polisi”nin fəaliyyəti tamamilə dayandırılacaq.
Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, ölkədə hicabla əlaqədar yeni qanun təsdiqlənməzdən öncə bu istiqamətdə qanun var idi. Yeni qanunda isə bir sıra qaydaların dəyişilməsi nəzərdə tutulub.
Qalibaf bildirib ki, İran hökuməti bəzi məsələlərdə nöqsanların olduğunu nəzərə alaraq, həmin məsələləri İran parlamentinə elan edəcək və qanunda müəyyən dəyişiliklər aparılacaq.
“Ali Milli Təhlükəsizlik Şurasının iclasında verilən qərara əsasən, hicabla bağlı yeni qanunun icra üçün elan olunması dayandırılıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, İranda yeni hicab qanununda çox sərt cərimələr, o cümlədən, nağd cərimə, azadlıqdan məhrumetmə, məşğulluq və sosial işlərdən məhrumetmə, avtomobilə həbs qoyulması, əmlakın müsadirə olunması və sairə nəzərdə tutulur. Qanun müntəzəm şəkildə pozulduğu halda cəzalar daha da sərtləşə bilər.