Bakı. Trend:
Harvard Universitetinin alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyindən əziyyət çəkən insanların beynindəki litium səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır. Tədqiqat göstərir ki, bu maddənin bədəndə bərpa olunması idrak funksiyalarının yaxşılaşmasına kömək edə bilər.
Trend xəbər verir ki, elmi araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər 285 nəfər mərhumun beynində 27 metalın miqdarını analiz ediblər. Onlardan 94-də Alzheimer xəstəliyi diaqnozu qoyulmuşdu, 58 nəfərdə isə yüngül idrak pozuntuları müşahidə olunmuşdu.
Qalan şəxslərdə ölüm zamanı demensiyaya dair heç bir əlamət qeydə alınmayıb. Məlum olub ki, Alzheimer xəstəliyi olan insanlarda beynin prefrontal qabığında litium səviyyəsi sağlam insanlarla müqayisədə orta hesabla 36% aşağıdır. Yüngül idrak pozuntuları olan şəxslərdə isə bu göstərici təxminən 23% təşkil edir.
Litium çatışmazlığının davranışa necə təsir etdiyini yoxlamaq üçün alimlər Alzheimer simptomları olan genetik modifikasiyalı siçanlar üzərində eksperiment aparıblar. Onların rasionundakı litium miqdarının 92% azaldılması yaddaşın zəifləməsinə və beyindəki amiloid lövhəciklərinin sayının nəzarət qrupuna nisbətən təxminən 2,5 dəfə artmasına səbəb olub.