Bakı. Trend:
İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirilməyib.
Trend-in məlumatına görə, bu barədə İran mediası yerli rəsmilərə istinadən məlumat verib.
Bildirilib ki, ötən gün saat 17:00 radələrində təxminən 300 nəfər Abdanan şəhərinin “Vəliəsr” meydanı ətrafına toplaşıb və “Bəsic” meydanı istiqamətində hərəkət edib. Yolboyu onlara etirazçı kimi bir qrup da qoşulub.
İran mediası qeyd edir ki, etirazçılar yolboyu iqtisadi vəziyyətə və bahalığa etiraz ediblər. Etirazçılar arasında fərqli şüarlar səsləndirənlər də olub. Saat 19:00 radələrində etirazçıların çoxu aksiyanı tərk etdikdən sonra iğtişaş baş verib və ictimai əmlaka ciddi şəkildə ziyan vurulub. İğtişaşçılar dövlət idarələri və banklara hücum edib, bir neçə bankın sənədlərini yandırıblar.
Məlumatda qeyd olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən polisi iğtişaşa müdaxilə edib və 15 dəqiqədən az müddət ərzində Abdanan şəhəri küçələrində asayiş bərpa olunub.
