Bakı. Trend:
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Cinayət Məcəlləsinə dəyişikliklər təqdim edib. Təklif olunan dəyişikliklərə əsasən, dövlət hakimiyyəti orqanlarına sistemli şəkildə itaətsizliyə çağırış üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinə düzəlişləri Gürcüstan parlamentinin hüquq komitəsinin sədri Arçil Qorduladze təqdim edib.
Qorduladze parlamentin hüquq komitəsinin iclasında “Qrantlar haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Həmin qanun layihəsinə əsasən, Gürcüstanda iğtişaşların maliyyələşdirilməsinin dolayı yollarının qarşısı alınacaq.
“Əfsuslar olsun ki, reallıq belədir ki, Konstitusiyanı, konstitusiya quruluşunu sistemli şəkildə tanımayan şəxslər mövcuddur. Onlar öz hərəkətləri ilə faktiki olaraq Gürcüstanın suverenliyinə təhlükə yaradırlar. Eyni zamanda, Gürcüstanda qərarların gürcü xalqı tərəfindən qəbul edilməsi ilə bağlı demokratiyanın ən mühüm prinsipini də tanımırlar”, – Qorduladze iclasda bildirib.
