Sentyabrın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə ofisi oktyabrın 5-də Gürcüstanda keçirilməsi planlaşdırılan seçkiləri müşahidə etmək üçün "məhdud sayda müşahidəçi" ayırıb. Trend in Tiflisdəki xüsusi müxbiririn verdiyi xəbərə görə, bu barədə ATƏT DTİHO-nun məlumatında deyilir.
"ATƏT DTİHO bu seçkilərdə monitorinqin keçirilməsinin faydalı olacağına inanır. Vaxtın məhdudluğunu nəzərə alaraq və bunda maraqlı şəxslərlə məsləhətləşmələrdən sonra qərara alınıb ki, missiya seçkilərin keçiriləcəyi gün sistemli müşahidələr aparmayacaq",- deyə missiyanın rəhbəri Gert Arens bəyan edib.
Sentyabrın 5-6-da Gert Arens Tiflisdə Gürcüstan hökumətinin rəsmi, o cümlədən seçki administrasiyalarının, siyasi partiya və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
"Onlardan bir neçəsi vaxtın məhdud olmasının müvafiq kampaniyalar aparmağa imkan verməməsindən, həmçinin, seçki inzibatçılığı prosesində əngəllərin yarana biləcəyindən təəssüfləndiklərini bildirib", - deyə missiya rəhbəri qeyd edib.
ATƏT DTİHO təşkilata üzv dövlətlərdən Gürcüstana gələn həftə 20 uzunmüddətli missiya göndərməyi xahiş edib. Müşahidəçilər seçkiqabağı kampaniyanın, məlumatların KİV-də işıqlandırılmasının, qanunverici bazanın və onun yerinə yetirilməsinin, KİV-in vəziyyətinin, seçki administrasiyasının və müvafiq dövlət orqanlarının işinin, o cümlədən seçkilərlə bağlı problemlərin həllinin monitorinqini aparacaq.
ATƏT DTİHO Gürcüstana qısamüddətli müşahidəçilərin göndərilməsini tələb etmir.