...

Fransada "quş qripi" aşkar edilib

Dünya xəbərləri Materials 1 Avqust 2007 11:38 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/ Fransanın Mozel (Moselle-Lotaringiya regionu) departamentində 2 yeni "quş qripi" (H5N1) virusunun yüksək patogen forması aşkar olunub. İyulun 29-da, gölməçədə ölmüş iki qu quşu üzərində virusun aşkar olunması əvvəlcə bazar ertəsi Departament Baş Baytarlıq İdarəsi tərəfindən təsdiqlənib. İyulun 31-də isə Fransanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, laboratoriya analizləri quşların N5N1 virusuna yoluxduğunu təsdiqləyib.

Bu, iyul ayında Mozel departamentində aşkar edilən ikinci "quş qripi" virusudur. Belə ki, iyul ayının əvvəlində üç qu quşunun cəsədlərində aparılan müayinədə "quş qripi" törədicisi aşkar edilmişdi. Ölkədə çöl quşlarında bu xəstəliyin aşkar edilməsinə ilk dəfə təsadüf edilir. Qeyd etmək lazımdır ki, Fransada bu virusun əsas əlamətlərinə 2006-ci ilin yaz fəslində rast gəlinib.

Buna görə Mozel departamentinin prefekti "quş qripi" təhlükəsinin qarşısını almaq məqsədilə yerli səviyyədə iyul ayının əvvəlindən tətbiq edilən profilaktik tədbirlərin qüvvədə saxlanmasına dair tapşırıq verib. Departamentin digər iki kommunası da "quş qripi" təhlükəsilə əlaqədar nəzarət altına alınıb.

Yerli səviyyədə profilaktik tədbirlərin görülməsindən əlavə, Fransanın Kənd Təsərrüfatı Nazirliyi "quş qripi" təhlükəsi ilə əlaqədar milli səviyyədə riskin yüksək səviyyəsinə uyğun olan profilaktik tədbirlərin qüvvədə saxlandığını bildirib. Nazirlik quşların, xüsusilə ev quşlarının qapalı şəraitdə saxlanılmasına dair lazımi tədbirlərin həyata keçirildiyini qeyd edib.

"Quş qripi" ilə mübarizə tədbirləri vəhşi faunaya və quşçuluq təsərrüfatlarına davamlı şəkildə nəzarət olunması və riskin səviyyəsinə uyğun olan profilaktik tədbirlərin həyata keçirilməsinə əsaslanır"- deyə nazirliyin məlumatında bildirilir.

Qu quşlarından götürülmüş nümunələrin Fransanın Ərzaq Məhsullarının Sanitar Təhlükəsizliyi Milli Agentliyinin laboratoriyasında aparılan yekun analizləri onların sözügedən virusdan ölməsini təsdiqləyib.

Sonuncu dəfə iyulun 31-də Vyetnamda 22 yaşlı 7 aylıq hamilə bir qadın bu virusdan dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti