...

Azərbaycanın rəqəmsal televiziya bazarı HDTV-nin tətbiqinə hazırdır - KATV1 kanalının prezidenti ilə MÜSAHİBƏ

Telekommunikasiya Materials 21 İyun 2010 15:34 (UTC +04:00)
Trend-in KATV1 kabel televiziyasının prezidenti Samir Qurbanovla müsahibəsi
Azərbaycanın rəqəmsal televiziya bazarı HDTV-nin tətbiqinə hazırdır - KATV1 kanalının prezidenti ilə MÜSAHİBƏ

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

Trend-in KATV1 kabel televiziyasının prezidenti Samir Qurbanovla müsahibəsi

- Azərbaycanın rəqəmsal televiziya bazarının inkişaf dinamikası necədir? Onun inkişaf xüsusiyyətləri hansılardır?

- Azərbaycanda leqal kabel televiziyası anlayışı TRMŞ (Teleradio Milli Yayım Şurasının) KATV1 kabel televiziyasının fəaliyyəti üçün lisenziya verməsi ilə yaranıb. Bu tarixi ölkəmizdə kabel hərəkatının doğum tarixi də hesab etmək olar. Və qeyd etmək istərdim ki, bu il şirkətimizin və ümumilikdə, ölkədə kabel hərəkatının yaranmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu tədbirə kabel televiziyamız tərəfindən öz abunəçilərimiz və potensial abunəçilərimiz üçün aksiya şəklində start verilib.

Kabel televiziyasının inkişaf xüsusiyyətləri haqda danışarkən bu prosesə təsir edən bir sıra amilləri nəzərə almaq lazımdır. Bütün bazarda oduğu kimi, burada tələb-təklif sxemi fəaliyyət göstərir. Daha doğrusu, təkliflər müştərinin tələbatını (indiki halda, kabel televiziyasının abunəçisini) və onun ödəniş qabiliyyətliliyini nəzərə almalıdır. Qiymət-keyfiyyət-təklif olunan kontentin düzgün uyğunlaşdırılması kabel televiziyası sahəsində uğurun rəhnidir.

- Yaxın illərdə şirkətin inkişaf strategiyası necədir? Yeni layihələrin işə salınmasını planlaşdırırsınızmı?

- Şirkətimizin inkişafını iki tərkib hissəsinə - kəmiyyət və keyfiyyətə bölmək olar. Birinci haqda danışarkən, şəbəkəmizin əhatə zonasının genişləndirilməsini qeyd edə bilərəm. Bu il biz oraya Azərbaycan paytaxtının daha bir neçə yaşayış rayonunu qoşa bilmişik.

Həmçinin, ötən ilin sonunda və bu il ərzində Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə paytaxt evlərinin fasadlarının abadlaşdırılması məqsədilə kabelləşdirmə mexanizmlərinin dəyişdirilməsi qərara alınıb. Görülən işlər nəticəsində, paytaxt binalarının əksəriyyətində abunəçilər bloklardaxili kabelləşdirməyə qoşulublar. Bununla da biz yayımın keyfiyyətini yaxşılaşdıra, eləcə də şəbəkəmizi abunəçilərin tezliklə istifadə edə biləcəkləri yeni xidmətlərin tətbiqinə hazırlaya bildik.

- Sizin şirkətin həyata keçirdiyi layihələr barədə danışın. Onların müvəffəqiyyət qazanmasına səbəb nədir?

- KATV1 kabel televiziyası həm analoq, həm də rəqəmsal formatda yayımlanır. Şəbəkəmizin rəqəmsal yayım abonentlərinin elektron gid proqram EPG-dən istifadə imkanları var. KATV1, həmçinin, translyasiya etdiyimiz telekanalların həftəlik proqramını, abonentlərimiz üçün faydalı materialları və sadəcə, qəzet oxucuları üçün nəzərdə tutulmuş eyniadlı həftəlik qəzetin təsisçisidir. Şirkətin telekanal paketinə daxil olan kanalların onlayn translyasiya edilməsi imkanını özündə birləşdirən saytı da fəaliyyət göstərir. Zənglərin qəbul edilməsi üzrə mərkəz abonentlərimizə günboyu xidmət edir.

Şirkətimizin uğur qazanmasına səbəb qiymətin, tutumun müvəffəqiyyətlə uyğunlaşdırılması, şirkətin stabil işini və eləcə də servis xidmətlərinin operativliyini hesab etmək olar.

- Hazırda şirkət Bakıda fəaliyyət göstərir. Siz regionlara yayımınızı genişləndirməyi planlaşdırırsınız?

- Ölkənin regionlarında xidmətin göstərilməsi fəaliyyətimizin inkişaf istiqamətinin prioritetini təşkil edir. Hazırda Mingəçevir şəhərində və onun ətrafında yayımın təşkili üzrə iş aparılır.

Sumqayıt şəhərində artıq neçə ildir, bizim fəal iştirakımızla yaradılan SNTV kabel televiziyası fəaliyyət göstərir.

- Siz regional səviyyədə biznesin inkişaf etdirilməsini necə planlaşdırırsınız? Regionlarda şəxsi infrastrukturun yaradılması nə dərəcədə çətin və bahalıdır?

- Hər hansı konkret regionda kommersiya layihəsinin inkişafı bir neçə faktordan, o cümlədən, regionun iqtisadi inkişafından, oradakı işin şəraitindən, region əhalisinə konkret xidmətlərin təqdim edilməsi üzrə onların psixoloji və maddi cəhətdən hazır olmasından asılıdır.

Dövlət və ölkə Prezidenti İlham Əliyev tərəfindən regionların inkişaf etdirilməsi üzrə genişmiqyaslı işlər görülür. Bu məsələ ilə bağlı bir neçə dövlət proqramı qəbul edilib. Biz ölkə regionlarının dinamik inkişafını müşahidə edirik. Hər hansı iqtisadi inkişaf isə regionda göstərilən xidmətlərin genişləndirilməsini özündə ehtiva edir. Biz əminik ki, regionlarımız kabel televiziyası kimi texnoloji yeniliyi mənimsəməyə hazırdır.

- Hazırda dövlət efir televiziyasının rəqəmsallaşdırılması proqramını həyata keçirir. Efir yayımlayıcıları kabel yayımlayıcıları ilə rəqabət apara bilərmi?

- Bəli, 2013-cü ilədək rəqəmsal yayıma keçməklə bağlı dövlət proqramı qəbul edilib. Lakin biz efir televiziyasını, növündən asılı olmayaraq, rəqabətli hesab edə bilmərik. Biz telekommunikasiya bazarının müxtəlif seqmentində işləyirik. Şirkətimiz televiziya fəaliyyətinin bütün seqmentlərində texnologiyanın inkişafına və dünya bazarının yeniliklərinin tətbiqinə sevinir.

- Fikrinizcə, rəqəmsal yayıma keçid necə aparılacaq?

- Hər hansı işdə metodik, planlaşdırılmış və evolyusiya inkişafı prinsipinə riayət etmək lazımdır. Artıq iki ildir, rəqəmsal keçid üzrə Dövlət Proqramı məqsədyönlü şəkildə işləyir. Hər yerdə bütün formatları özündə birləşdiriən televizorlar satılır. Rəqəmsal yayımın sınaqları aparılır. Bir sözlə, ölkə əhalisi bu texnologiyanın tətbiqinə gündən-günə hazır olur. Mən elə gəlir ki, hər şey başağrısız və hamar ötüşəcək.

KATV1 kabel televiziyası şəbəkəsində rəqəmsal yayıma gəldikdə isə, qeyd etdiyim kimi, biz ötən ildən bəri abonentlərimizə müxtəlif zövqə uyğun bir neçə kanal paketini təqdim edirik.

- Sizin fikrinizcə, yaxın gələcəkdə hansı texnologiyalar Azərbaycanın kabel televiziyası bazarının inkişafına təsir göstərəcək?

- Dünya bazarında yeni texnologiyaların əmələ gəlməsinə görə, cəmiyyətimizi dünyəvi telekommunikasıya birliyinə aparan bizim kabel televiziyamız onları öz xidmətinə tətbiq etmək üçün fəal çalışır. Tezliklə biz, yerli bazarda birinci olaraq abonentlərimizə genişzolaqlı İnternet təqdim edəcəyik. Bununla da KATV1 kabel televiziyasının istənilən abonenti telekanallara baxmaq üçün istifadə etdiyi kabel vasitəsilə dünya şəbəkəsinə daxil olmaq imkanı əldə edəcək.

Bundan başqa, "sifarişli video" və "şəbəkə oyunları" və bir çox başqa layihələrin işə salınması planlaşdırılıb.

- Şirkət tərəfindən yüksək aydınlıqlı televiziyanın yenidən translyasiya edilməsi gözlənilirmi?

- Bəli, tezliklə biz abonentlərimizə bu formatda yayımlanan televiziya kanalı paketlərini təqdim edəcəyik. Tərəfimizdən keçirilən marketinq araşdırmaları göstərib ki, abonentlərimiz bu xidmətdə maraqlıdırlar və adıçəkilən xidmət növü paketinin yaradılmasını gözləyirlər.

- Fikrinizcə, Azərbaycanın rəqəmsal televiziya bazarı yüksək aydınlıqlı HDTV yayımının tətbiqinə hazırdır? Ölkəmizdə yüksək aydınlıqlı televiziyanın hansı perspektivləri var?

- Azərbaycan bazarı, daha dəqiq desək, onun bir hissəsi, artıq buna hazırdır. Bu azmış kimi, bu, xidmətin tətbiqini tələb edir. Tələbat olduğu halda, təklif də olmalıdır. Bu, bazarın sarsılmaz qanunudur. Bu istiqamətin perspektivinə gəldikdə, əminəm ki, göstərilən seqment tezliklə populyar olacaq.

- Azərbaycanın mobil operatorları ilə mobil televiziya xidmətlərinin tətbiqi üçün onlara tutumun təqdim edilməsi üzrə danışıqlar aparılırmı?

- Belə danışıqlar Azərbaycanın mobil operatorlarından biri ilə aparılır. Danışıqlar prosesinin sonunadək həmin operatorun adını çəkmək istəməzdim.

Xəbər lenti

Xəbər lenti