Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Macarıstandan Bakıya gətirilən və ölkə Prezidentinin əfv sərəncamı ilə azad olunan Azərbaycan zabiti Ramil Səfərovun həbsdə olduğu müddətdə yığılıb qalmış məvacibi ona qaytarılıb. Bu gün Müdafiə Nazirliyində keçirilən görüşdə 8 il yarım müddətində toplanmış maaşı zabitə təqdim edilib.
Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən ona ev də verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.
Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov dünən Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.
Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.